Səhiyyə Nazirliyi IV İslam Həmrəyliyi Oyunlarında tibbi xidməti təmin edəcək

Azərbaycan Respublikası Prezidentinin 18 sentyabr 2015-ci il tarixli “IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında” Sərəncamının icrası məqsədilə səhiyyə naziri Oqtay Şirəliyev əmr imzalayıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, “2017-ci ildə Bakı şəhərində keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının tibbi təminatı barədə” əmrdə Səhiyyə Nazirliyində bu məqsədlə Təşkilat Komitəsinin yaradılması öz əksini tapıb.
Əmrə əsasən, yarış iştirakçılarına və qonaqlara keyfiyyətli tibbi yardımın göstərilməsi üçün xüsusi tibb müəssisələri – Kliniki Tibbi Mərkəz və Bakı Sağlamlıq Mərkəzi müəyyənləşdirilir. Səlahiyyətli şəxslərə həmin tibb müəssisələrinin zəruri tibbi avadanlıqlar, dərman və tibbi ləvazimatlarla, həmçinin laborator diaqnostikumlarla təmin olunması, müvafiq tibbi kadrların təlimlərə cəlb edilməsi, iştirakçı dövlətlərin nümayəndə heyətləri üçün ayrılacaq yaşayış və iaşə müəssisələrində sanitariya-gigiyenik qaydaların nəzarətə götürülməsi və s. tapşırıqlar verilib.
Xəbəri paylaş