Əziz Əliyevin 120 illik yubileyi qeyd edildi

Əziz Əliyevin 120 illik yubileyi qeyd edildi

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) Azərbaycan səhiyyəsinin inkişafında müstəsna xidmətləri olan görkəmli alim və dövlət xadimi, bacarıqlı səhiyyə təşkilatçısı, Əməkdar Həkim, tibb elmləri doktoru, professor Əziz Əliyevin 120 illik yubileyinə həsr olunmuş konfrans keçirilib.
Tədbir iştirakçıları öncə Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar.
Görkəmli dövlət və elm xadimi Əziz Əliyevin, akademik Zərifə xanım Əliyevanın, istedadlı həkim-alim, professor Tamerlan Əliyevin də xatirəsi anılıb, məzarları üzərinə güllər düzülüb.
Tibb ictimaiyyəti nümayəndələri və xarici qonaqların iştirak etdiyi konfransda səhiyyə naziri Oqtay Şirəliyev professor Ə.Əliyevin parlaq şəxsiyyət və bacarıqlı təşkilatçı kimi tarixdəki önəmli yerini vurğulayıb, bunu onun tərcümeyi-halının, tutduğu vəzifələrin də göstərdiyini deyib: “Azərbaycan SSR Ali Sovetinin sədri, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi, Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi, İranda 47-ci Ordunun Hərbi Şurasının üzvü, xalq səhiyyə komissarı, Ümumittifaq Kommunist Partiyası Mərkəzi Komitəsinin təlimatçısı, Azərbaycan SSR Nazirlər Kabinetinin sədr müavini... Bunlar Əziz Əliyevin tutduğu məsul vəzifələrin ancaq bir qismidir. Yalnız parlaq şəxsiyyət hər işin öhdəsindən belə bacarıqla gələ bilərdi. Və elə buna görə də Əziz Əliyevin adı Azərbaycanın tarixinə qızıl hərflərlə yazılıb”.
Əziz Əliyevin milli tibb kadrlarının hazırlanması sahəsində fəaliyyəti və xidmətləri haqqında məlumat verən nazir onun Azərbaycanda tibb təhsilinin əsasını qoyanlardan biri olduğunu söyləyib: "Əziz Əliyev Bakı Dövlət Universitetində rektor olduğu vaxt Tibb fakültəsinin əsasında Azərbaycan Tibb İnstitutu yaradılmışdı və elə ilk illərdən yeni institutun da rəhbərliyi məhz ona tapşırılmışdı. Ümumiyyətlə, ali məktəbin yaradılması, təhsilin bünövrəsinin qoyulması sadə vəzifə deyil. Üstəlik, onun qarşısında məqsəd qoyulmuşdu ki, rus dili ilə yanaşı, ilk dəfə Azərbaycan dilində də tibb təhsilini təşkil etsin. Halbuki o vaxtlar yüksək ixtisaslı milli həkim kadrlarının, tibb alimlərinin azlığı, ana dilimizdə tibbi ədəbiyyatın, dərsliklərinin yoxluğu bu problemi daha da çətinləşdirirdi. Məhz Əziz Əliyevin səyləri nəticəsində qısa müddətdə Azərbaycan dilində ən vacib dərsliklər, monoqrafiyalar yazıldı, başqa dillərdən tərcümə olundu, namizədlik və doktorluq dissertasiyaları müdafiə edildi. Bu gün “tibb şəhərciyi” adlandırılan kompleksin əsasını da məhz Əziz Əliyev qoymuşdu. Beləliklə, Azərbaycan Dövlət Tibb İnstitutu qısa müddətdə həqiqətən nüfuzlu ali məktəb kimi tanınmışdı”.
Səhiyyə naziri Əziz Əliyevin təkcə tədris məsələləri ilə məşğul olmadığını, tələbələrin gündəlik həyatını, problemlərini də həmişə diqqət mərkəzində saxladığını söyləyib: “Ölkədə çörək qıtlığı yaşanan vaxtlarda Tibb İnstitutunun tələbələrinə gündə 500 qram çörək və tələbə yeməkxanasında pulsuz yemək verilirdi. İnstitutda rektorluq fondu yaradılmışdı, ehtiyacı olan tələbələrə fondun hesabına pal-paltar, ayaqqabı alınır, maddi yardım olunurdu”.
Oqtay Şirəliyev vurğulayıb ki, Əziz Əliyevin xüsusi qabiliyyətlər tələb edən vəzifələrə irəli çəkilməsinə səbəb onun parlaq təşkilatçılıq bacarığı, insanlara həssas münasibəti, problemlərin trafaret olmayan həll yolunu tapa bilməsi idi. Bununla əlaqədar nazir ulu öndər Heydər Əliyevin Əziz Əliyevin 100 illik yubileyində səsləndirdiyi fikirləri xatırladıb: “Bizim üçün xüsusi əhəmiyyəti olan odur ki, Azərbaycan xalqının oğlu Əziz Əliyev yüksək bacarığını, fayda vermək qabiliyyətini yalnız öz respublikasında, ölkəsində nümayiş etdirməmişdir. O, müharibə illərində İranda çox məsul işi uğurla yerinə yetirmiş, Dağıstanın rəhbəri kimi son dərəcə məsuliyyətli vəzifənin öhdəsindən çox gözəl gəlmiş, Moskvada – tərkibində yaşadığımız Sovetlər İttifaqı kimi bir dövlətin paytaxtında müvəffəqiyyətlə çalışmışdır. ...Bu, hər bir azərbaycanlının qəlbində çox böyük iftixar hissi doğurur”.
Səhiyyə naziri professor Əziz Əliyevin öz həkimlik sənətinə sevgisini ömrü boyu yaşatdığını qeyd edib: “Onun sənətinə bağlılığı ailəsində də özünü göstərmişdi. Övladlarının hər biri seçdiyi sənət sahəsində böyük nailiyyətlər qazanmış, görkəmli şəxs olmuşdu. Bu ailənin üç övladı həkimlik sənətini seçmiş və atalarına layiq həkim, alim olmuşdular.
Zərifə xanım Əliyeva Azərbaycanın görkəmli oftalmoloq alimi, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar Elm Xadimi olub. Onun elmi nailiyyətləri tək respublikamızda deyil, ondan kənarda da yüksək qiymətləndirilib. O, oftalmologiya sahəsində çox nüfuzlu Averbax adına mükafatı alan ilk qadın alim olub.
Tamerlan Əliyev tibb elmləri doktoru, professor, Əməkdar Elm Xadimi olub. Çox bilikli, bununla belə, hədsiz dərəcədə sadə və təvazökar insan idi. Ona dəfələrlə müxtəlif məsul vəzifələr təklif olunsa da, imtina etmişdi və ömrünün axırınadək Azərbaycan Tibb Universitetində kafedra müdiri kimi tibb kadrlarının hazırlığı ilə məşğul olmuşdu.
Akademik Cəmil Əliyev Əməkdar Elm Xadimi, Milli Onkologiya Mərkəzinin direktorudur. Onun rəhbərliyi altında bu böyük tibb müəssisəsi nəinki ölkəmizin qabaqcıl səhiyyə ocaqlarından birinə çevrilib, həmçinin öz beynəlxalq əlaqələri sayəsində başqa ölkələrdə də tanınır. Bu mərkəzə rəhbərlik etməklə yanaşı, Cəmil müəllim pedaqoji fəaliyyətini də davam etdirir. O, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Onkologiya kafedrasının müdiridir”.
Oqtay Şirəliyev görkəmli həkim, alim, səhiyyə təşkilatçısı, bacarıqlı rəhbər Əziz Əliyevin Vətən və xalq qarşısında xidmətlərinin daim dövlət tərəfindən yüksək qiymətləndirildiyini, ötən ilin noyabr ayında Prezident İlham Əliyevin onun 120 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzaladığını diqqətə çatdırıb. Ölkəmizdə bu münasibətlə keçirilən silsilə yubiley tədbirlərini Azərbaycan elminin, təhsilinin, səhiyyəsinin inkişafında danılmaz xidmətləri olan böyük şəxsiyyətin xatirəsinə ehtiramın ifadəsi kimi dəyərləndirib.
Konfransda Əziz Əliyev adına ADHTİ-nin rektoru, professor Nazim Qasımov görkəmli dövlət xadimi Əziz Əliyevin həyatı, elmi və ictimai fəaliyyəti barədə məruzə ilə çıxış edib.
Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli böyük alim Əziz Əliyevin xalqımızın tarixində, tibb elmində və tibb təhsilində, ATU-nun təşəkkülündə danılmaz rolundan danışıb.
Əziz Əliyevlə bağlı xatirələrini bölüşən M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin direktoru, akademik Böyükkişi Ağayev alimin həm dövlət işində, həm də elmdə qazandığı uğurlardan söhbət açıb, böyük şəxsiyyətin onun yaddaşında sadəliyi və qayğıkeşliyi ilə qaldığını vurğulayıb. “İnsanın varlığının məğzi onun mənalı yaşamasındadır”, - deyən akademik Əziz Əliyevin dünya gözəlliklərini və xoşbəxtliyini xalqa olan sevgisində və xidmətində gördüyünü qeyd edib.
Əziz Əliyevin Dağıstan xalqı qarşısında əvəzsiz xidmətlərini dilə gətirən Dağıstan Dövlət Tibb Universitetinin prorektoru Ruslan Şahbanov təmsil etdiyi universitetin rektoru professor Süleyman Mammayevin konfrans iştirakçılarına məktubunu səsləndirib.
Azərbaycan Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyev atasına göstərilən diqqətə görə ailə üzvləri adından dövlət başçısına və tibb ictimaiyyətinə minnətdarlığını bildirib.
Sonra konfrans iştirakçılarına Əziz Əliyevin həyatı, ictimai və elmi fəaliyyətinə həsr olunmuş film nümayiş olunub.
Konfrans öz işini institut alimlərinin apardıqları elmi-tədqiqat işlərinin nəticələrini əks etdirən çıxışları ilə davam etdirilib. Təbabətin müxtəlif aktual problemlərinə həsr olunmuş məruzələr dinlənilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin “Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına əsasən təşkil edilən silsilə tədbirlər çərçivəsində Azərbaycan Tibb Universitetində, Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda, İctimai Səhiyyə və İslahatlar Mərkəzində, Mərkəzi Klinik Xəstəxanada, həmçinin Naxçıvanda, Gəncədə, Qubada, Lənkəranda və s. yubiley tədbirləri, elmi-praktik konfranslar keçirilib.


Xəbəri paylaş




İyul 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova