Səhiyyə naziri Almaniya səfiri ilə görüşdü
Səhiyyə naziri Oqtay Şirəliyev Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixayel Kinsqrabı qəbul edib.
Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə iki ölkə arasında səhiyyə və tibb elmi sahəsində əlaqələrdən danışılıb və gələcək perspektivlər müzakirə edilib.
Səhiyyə naziri Oqtay Şirəliyev bildirib ki, hazırda ölkələrimiz arasında səhiyyə və tibb elminin inkişafına dair saziş olmasa da, əməkdaşlığımız ən məhsuldar səviyyədə davam edir. Hər il onlarla azərbaycanlı müdavimin Almaniyanın ən nüfuzlu universitet klinikalarında səhiyyənin müxtəlif prioritet sahələri üzrə təkmilləşdirmə kurslarına göndərildiyini xatırladan nazir eyni zamanda qeyd edib ki, Almaniyanın nüfuzlu universitet klinikalarından gələn professor və müəllim heyəti ölkəmizdə keçirilən seminarlarda, elmi konfranslarda iştirak edir.
Səhiyyə naziri vurğulayıb ki, ölkəmizdə yeni tikilən klinikaların planlaşdırılması və layihələrin hazırlanmasında Almaniyanın müsbət təcrübəsindən istifadə olunur. Əczaçılıq sahəsində də iki ölkə arasında sıx əlaqələr mövcuddur. Belə ki, Almaniyada istehsal olunan bir çox dərman vasitəsi ölkəmizdə dövlət qeydiyyatından keçirilib və əczaçılıq bazarına çıxarılıb. İkitərəfli əlaqələrin digər bir istiqaməti də tibb təhsilidir. Azərbaycanda səhiyyə və tibb təhsili sistemində aparılan islahatlardan, rezidentura mərhələsinin tətbiqindən sonra onlarla universitet məzunu təhsilinin rezidentura hissəsini Almaniyanın universitet klinikalarında davam etdirib.
Öz növbəsində səmimi qarşılanmaya görə minnətdarlığını bildirən səfir Mixayel Kinsqrab Azərbaycan səhiyyəsində müsbət dəyişikliklərdən məmnunluqla danışıb. Qeyd edib ki, hazırda təcili tibbi yardım xidmətində istifadə edilən ambulansların Almaniyadan gətirilməsi də böyük etimad və xoş münasibətlərin nəticəsidir.
Görüşdə həmçinin 2017-2018-ci illərdə ölkəmizdə icbari tibbi sığortaya keçidlə əlaqədar olaraq Almaniyadan mütəxəssislərin Azərbaycana dəvət edilməsi məsələsi də müzakirə olunub.