Azərbaycanın reproduktiv sağlamlıq təcrübəsi müsbət qiymətləndirilib
Bu barədə ÜST Avropa Regional Komitəsinin 66-cı sessiyasında danışılıb
Sentyabrın 12-dən 15-dək Danimarka Krallığının paytaxtı Kopenhagen şəhərində Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropa Regional Komitəsinin 66-cı sessiyası keçirilib. ÜST-nin Avropa regionu üzrə 53 üzv dövlətinin səhiyyə nazirləri və digər yüksək vəzifəli təmsilçiləri, eləcə də vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri qitə miqyaslı sağlamlıq problemlərinin müzakirəsi üçün toplaşıblar.
Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyevin rəhbərliyi ilə ölkəmizin nümayəndə heyəti sessiyanın işində iştirak edib.
Sessiya ərəfəsində ÜST Avropa Regional Komitəsinin İcraiyyə Komitəsinin iclası keçirilib. Toplantıda İcraiyyə Komitəsinə seçilmiş ölkələrin nümayəndə heyətlərinin rəhbərləri 66-cı sessiyanın gündəliyini, habelə ÜST ölkə ofislərinin strateji idarə mexanizmləri məsələlərini müzakirə ediblər.
ÜST Avropa Regional Komitəsinin 66-cı sessiyasının açılışında “BMT Şəhəri”nin himayədarı, Danimarka Krallığının Şahzadəsi Ülyahəzrət Meri xüsusi qonaq kimi iştirak edib.
Sessiyanın İdarə heyəti seçildikdən sonra, ənənəvi olaraq, ÜST Avropa Regional direktoru Jujanna Yakab hesabat nitqi ilə çıxış edib.
Regional Direktor öz çıxışında Ümumdünya Səhiyyə Assambleyasının 69-cu sessiyasının qətnamələrinin Avropada həyata keçirilməsindən, səhiyyənin maliyyələşməsindən, səhiyyə proqramlarının icrası üzrə donor ölkə və qurumlarla əlaqələrdən danışıb, habelə sessiyanın gündəliyində duran məsələlərlə bağlı ÜST rəhbərliyinin mövqe və tövsiyələri haqqında məlumat verib. Çıxışda infeksion və qeyri-infeksion xəstəliklərə qarşı mübarizə, ÜST-də islahatlar və “Sağlamlıq – 2020” strategiyası da geniş yer alıb.
Tədbirin üçüncü günü ÜST-nin Baş Direktoru Marqaret Çan hesabat nitqi ilə çıxış edib. Avropa Regional Komitəsinin sessiyasında sonuncu dəfə çıxış etdiyini bildirən Baş Direktor üzv-ölkələrin ekspertlərini ÜST-də islahatların davam etdirilməsində daha yaxından iştiraka çağırıb. Əsas donor ölkələrinin Avropa Regionunda olduğunu bildirən natiq problemlərin həllində bu ölkələrin müstəsna rolunu qeyd edib.
Üzv ölkələr Marqaret Çanın çıxışına dair şərhlərində təşkilatla əməkdaşlıq əlaqələrinin inkişafından məmnunluqlarını bildiriblər.
Sessiyada gündəlikdə duran qeyri-infeksion xəstəliklərə, virus hepatitlərinə, QİÇS və vərəmə qarşı mübarizə, reproduktiv sağlamlıq, “Sağlamlıq – 2020” strategiyası, beynəlxalq səhiyyə qaydaları, qlobal səhiyyə sistemlərinin strateji idarəetməsi, səhiyyə və sosial sektorun maliyyələşdirilməsi, ÜST-də islahatlar və idarəçilik kimi məsələlər müzakirə olunub. Həmçinin ÜST Baş Direktoru seçkilərinə hazırlıq, Regional Komitənin komissiyalarının hesabatları və s. kimi təşkilati məsələlərə də baxılıb.
Qaydalara əsasən, gündəlikdə olan məsələlərin müzakirəsində əvvəlcə katibliyin üzvləri, sonra isə qeyri-hökumət və beynəlxalq təşkilatların nümayəndələri öz rəylərini veriblər.
Azərbaycan tərəfi sessiyada “Sağlamlıq – 2020” strategiyası, virus hepatitlərinə qarşı mübarizə, reproduktiv sağlamlıq və QİÇS-lə mübarizə məsələlərinə dair çıxışlar edib.
Reproduktiv sağlamlıq üzrə 2030-cu ilədək fəaliyyət planının müzakirələri zamanı Azərbaycanın müsbət təcrübəsi üzv ölkələr tərəfindən qeyd edilib, habelə məsələyə dair Dövlət Proqramının həyata keçirilməsi vurğulanıb.
QİÇS-lə mübarizədə hüquqi baza məsələsinə dair çıxışda “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun hələ 2010-cu ildə qəbul edilməsi, habelə İİV-li şəxslərə Dövlət Proqramı çərçivəsində 22 adda dərman preparatının verilməsi üzv ölkələrə bildirilib.
Tədbir çərçivəsində Azərbaycan nümayəndə heyətinin ÜST Baş Direktoru Marqaret Çanla, ÜST Avropa Regional Direktoru Jujanna Yakabla, BMT Baş Katibinin QİÇS-lə mübarizə üzrə köməkçisi Mişel Kazaçkinlə, habelə Regional komitəyə üzv ölkələrdən Polşa, Türkiyə, Belarus, Rusiya Federasiyası və Özbəkistanın səhiyyə rəsmiləri ilə görüşləri keçirilib.
Həmçinin ÜST Baş Direktoru vəzifəsinə seçkilər ərəfəsində Azərbaycan Respublikası səhiyyə naziri Oqtay Şirəliyevin bu posta Efiopiya, Pakistan və Fransadan olan namizədlərlə işçi görüşləri olub.