Şəkidə səhiyyə nazirinin səyyar qəbul günü keçirildi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, müxtəlif dövlət orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirirlər.
Bununla bağlı tərtib edilmiş səyyar qəbul günləri cədvəlinə müvafiq olaraq, səhiyyə naziri Oqtay Şirəliyev Şəki Rayon Mərkəzi Xəstəxanasında vətəndaşları qəbul edib.
Şəki ilə yanaşı, Oğuz, Qax, Balakən və Zaqatala rayonları sakinlərinin iştirak etdikləri qəbulda vətəndaşların səhiyyə sahəsinə aid şikayət və müraciətləri dinlənilib. Qaldırılan məsələlər əsasən sağlamlıq problemləri, işlə təminat və s. məsələlərlə bağlı olub. Müraciətlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb, onların bəziləri yerindəcə həllini tapıb, digərləri ilə bağlı müvafiq göstərişlər verilib.
Səhiyyə Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.