Prezident İlham Əliyev: “Sağlamlıq dövlət üçün çox önəmlidir”

Prezident İlham Əliyev: “Sağlamlıq dövlət üçün çox önəmlidir”

Bunu dövlət başçısı Biləsuvar MRX-nın açılışında söyləyib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Biləsuvarda 132 çarpayılıq Mərkəzi Rayon Xəstəxanasının açılış mərasimində iştirak edib.
Səhiyyə naziri Oqtay Şirəliyev Prezident İlham Əliyevə burada aparılan əsaslı təmir və yenidənqurma işləri barədə məlumat verib. Qeyd olunub ki, Biləsuvar MRX-nın əvvəlki binası 1974-1976-cı illərdə inşa edilmişdi və artıq yararsız vəziyyətə düşmüşdü. Səhiyyə ocağının əsaslı təmirinə 2013-cü ildə başlanılıb və yenidənqurma işləri 2016-cı ilin iyul ayında başa çatdırılıb.
Dövlət başçısına xəstəxananın ərazisində inşa edilmiş əsas korpus və müxtəlif təyinatlı digər binalar barədə məlumat verilib. Bildirilib ki, tibb müəssisəsində 8 şöbə fəaliyyət göstərir. Bunlar cərrahiyyə, doğum, travmatologiya, infeksion xəstəliklər, dializ, intensiv terapiya, poliklinika və kompüter tomoqrafiya aparatı olan şüa diaqnostikası şöbələridir. Tibb ocağının ən müasir standartlara cavab verən bütün korpuslarında əhaliyə yüksək səviyyədə tibbi xidmət göstərilməsi üçün hər cür şərait yaradılıb.
Xəstəxana ilə tanışlıqdan sonra səhiyyə müəssisəsinin kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşən Prezident İlham Əliyev Biləsuvar MRX-nın əsaslı təmirdən sonra açılışı münasibətilə hər kəsi təbrik edib. 1970-ci illərdə tikilmiş xəstəxanada vaxtaşırı cari təmir aparılsa da, əsaslı təmirə ehtiyac yarandığını söyləyən dövlət başçısı hazırda onun çox gözəl olduğunu deyib: “İndi xəstəxana ilə tanış olarkən görürəm ki, hər şey ən yüksək səviyyədədir. Həm avadanlıq, həm təchizat, eyni zamanda, xəstəxananın şəraiti çox yaxşıdır. Bütün palatalar çox səliqəli, abaddır. Bu xəstəxana nümunəvi xəstəxanalardan biri olacaq. Əslində, son vaxtlar Azərbaycanda tikilən, yaxud təmir olunan bütün tibb ocaqları bu səviyyədədir. Bu, Azərbaycan standartıdır. Çünki Azərbaycan vətəndaşları ən gözəl tibbi xidmətlə təmin olunmalıdırlar.
Eyni zamanda, bu xəstəxana burada çalışan həkimlər üçün iş yeridir. Onların iş yeri indi çox gözəl vəziyyətdədir. Əsas odur ki, indi Biləsuvarda da Mərkəzi Rayon Xəstəxanası bütün standartlara cavab verir.
Bu zonada, həmçinin ölkəmizin bütün bölgələrində yeni xəstəxanalar ya tikilib, ya da ki, əsaslı təmir olunub. Son 13 il ərzində 600-dən çox tibb ocağı yenidən qurulub, tikilib. Bu, səhiyyə sistemimizin inkişafı üçün çox böyük uğurdur, böyük nailiyyətdir və nəticədir. Bakı şəhərində isə ən böyük xəstəxanalar tikilib, təmir edilib.
Bu gün səhiyyə sahəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi işi, demək olar ki, başa çatır. Bir neçə rayonda işlər davam etdirilir, o cümlədən bu yaxınlarda Masallıda xəstəxana istifadəyə veriləcək. İndi əsas məsələ ondan ibarətdir ki, insanlara keyfiyyətli xidmət, qayğı göstərilsin. Bu istiqamətdə də işlər gedir. Əminəm, yeni, müasir avadanlıqla işləyə bilən həkimlər də təcrübə toplayıblar, kurslar keçiblər ki, xəstələrə yaxşı xidmət göstərsinlər”.
“Sağlamlıq hər bir insan üçün, dövlət üçün çox önəmlidir”, - söyləyən ölkə rəhbəri insan sağlamlığını bir neçə amilin şərtləndirdiyini vurğulayıb: “Onların arasında, əlbəttə ki, tibbi xidmət birinci yerdədir. Sağlam həyat tərzi, gözəl ekoloji vəziyyət, fiziki fəallıq, təmiz ərzaq məhsulları da öz rolunu oynayır. Ancaq tibbi müayinə və müalicə xüsusi yer tutur”. Dövlət başçısı xatırladıb ki, artıq bir neçə ildir Azərbaycanın bütün bölgələrində tibbi müayinə proqramı icra edilir, kütləvi diaqnostik müayinə tədbirləri aparılır: “Hər il milyonlarla insan pulsuz müayinədən keçir, onların xəstəlikləri aşkarlanır və sonra müalicə təyin edilir. Mən son 13 il ərzində açdığım bütün xəstəxanaların tədbirlərində bu məsələyə toxunuram. Bir daha demək istəyirəm ki, hər bir vətəndaş ildə bir dəfə diaqnostikadan keçməlidir, xüsusilə indi – bütün imkanların olduğu şəraitdə. Qan analizləri, ultrasəs, rentgen... İndi həkimlərin tövsiyəsi ilə hər bir vətəndaş özünə yaxşı baxmalıdır. Bu, ilk növbədə vətəndaşın özünə lazımdır. Digər tərəfdən, Azərbaycan xalqı daha da sağlam olmalıdır. Xüsusilə bizim veteranlarımız, uşaqlarımız, gənc nəsil sağlam olmalıdır. Bütün insanlar sağlam olmalıdır. Bax, bu xəstəxanaların tikintisi bu məqsədi güdür”.
Prezident İlham Əliyev son illər ərzində tibb müəssisələrinin tikinti, əsaslı təmir və müasir avadanlıqlarla təchizatına çox böyük dövlət vəsaitinin xərcləndiyini bildirib: “Biz bunu edirik, çünki sosial sahə, həmişə olduğu kimi, prioritet təşkil edir. Bu gün də belədir, sabah da belə olacaq. Çünki biz insanlar üçün çalışırıq. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”.
Dövlət başçısı vurğulayıb ki, ancaq iqtisadi inkişaf bu işləri mümkün edir. Bir çox ölkələr var ki, onlar arzulasalar da, buna imkanları yoxdur. Vaxtilə Azərbaycan da belə idi. Ancaq bu gün iqtisadi cəhətdən qüdrətli ölkəmiz infrastruktur layihələri, sosial infrastruktur layihələri, məktəb binalarının, idman komplekslərinin tikintisi və s. sahələrə böyük vəsait ayırır.
Ölkə rəhbəri Biləsuvar rayonunun timsalında bu inkişafdan danışıb, bu rayonda içməli su layihəsindən, qazlaşdırılma prosesindən, kənd yollarının abadlaşdırılmasından, Bakı-Astara-İran sərhədi magistral yolunun çəkilməsindən, Olimpiya kompleksi, digər müəssisələrin tikilməsindən söz açıb.
Azərbaycan Prezidenti neftdən asılılığımızın tamamilə aradan qaldırılması üçün kənd təsərrüfatının inkişafının əhəmiyyətini vurğulayıb, bu sahədə görülən işləri diqqətə çatdırıb. Qeyd edib ki, bu layihələri icra etdikcə bizim maliyyə imkanlarımız artacaq, bu isə vəsaiti sosial layihələrə - xəstəxanaların, məktəblərin, yolların tikintisinə, köçkünlərin problemlərinin həllinə və s. yönəltməyə imkan verəcək.
Sonra həkim Vəsilə Həsənova dövlət başçısının tapşırığına əsasən Biləsuvar Mərkəzi Rayon Xəstəxanasının əsaslı təmirdən sonra istifadəyə verilməsinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib: “Belə gözəl, yüksək səviyyəli, müasir tibbi avadanlıqla təchiz olunmuş səhiyyə ocağı biz biləsuvarlılar üçün böyük töhfədir. Belə bir hədiyyəni bizə bəxş etdiyiniz üçün Sizə əhalimiz və səhiyyə işçilərimiz adından böyük minnətdarlığımızı bildiririk”.
Sonda xatirə şəkli çəkdirilib.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova