“ASAN xidmət”də asan “check-up”

“ASAN xidmət”də asan “check-up”

Cəmi 6 dəqiqəyə 27 sağlamlıq parametri üzrə məlumat almaq olar

Pasiyentlərin sağlamlığına daim xüsusi diqqətlə yanaşan Respublika Diaqnostika Mərkəzi (RDM) yeni “check-up” müayinələri layihəsinə başlayacaq. Müayinəni hər kəs üçün daha rahat və əlçatan etmək üçün “check-up” xidməti “ASAN xidmət” mərkəzlərində təşkil olunacaq. Bu haqda bizə RDM-in PR və marketinq mütəxəssisi Səadət Hənifəyeva məlumat verdi.
Müsahibimiz bildirdi ki, müayinələri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzlərində təşkil edərkən nəzərə alınıb ki, burada vətəndaşlara daha effektiv və operativ sosial xidmət göstərilməsi üçün geniş şərait yaradılır. Onun sözlərinə görə, ilk olaraq müayinələr 1 saylı “ASAN xidmət” mərkəzində, sonra isə digərlərində, həmçinin Respublika Diaqnostika Mərkəzində həyata keçiriləcək. S.Hənifəyeva “check-up” müayinələrin gələcəkdə daha geniş miqyasda digər yerlərdə də aparılmasının nəzərdə tutulduğunu vurğuladı.
Səadət xanım müraciət edənlərin cəmi 6 dəqiqəyə 27 (aclıq) və ya 23 (toxluq) meyar üzrə müayinədən keçəcəyini dedi. Bunlar sistolik, diastolik, ortalama arterial təzyiq, nəbz təzyiqi, nəbz, aritmiya, ümumi (TC), "yaxşı" (HDL), "pis" (LDL) xolesterin, triqliserid, VLDL, TC/HDL nisbəti, Non-HDL, LDL/HDL nisbəti, 10 illik ürək-damar xəstəlikləri riski, aclıq qan şəkəri, toxluq qan şəkəri, bədən çəkisi, tövsiyə edilən ideal bədən çəkisi, bədən kütlə indeksi, bədən yağının faizi, yağsız bədən çəkisi, yağsız bədən çəkisinin faizi, bədən səthinin sahəsi, ümumi bədən suyu (litr ilə), ümumi bədən suyunun faizi, bazal maddələr mübadiləsinin sürəti, hərarət kimi parametrlərdir. O izah etdi ki, aclıq və toxluq meyarları dedikdə, müayinəyə gələnin acqarına və ya tox olması nəzərdə tutulur. Belə ki, bəzi meyarlar üzrə yalnız acqarına müayinə aparmaq mümkündür. Əgər vətəndaş müayinəyə tox gələrsə, onda 4 meyar üzrə müayinə aparılmır.
Mütəxəssis hər bir vətəndaşın sağlamlıq nəticələrinin SMS şəklində anındaca onun telefonuna göndəriləcəyini diqqətə çatdırdı.
S.Hənifəyeva vurğuladı ki, bu cür pilot layihələr indiyədək bir neçə dəfə həyata keçirilib və yüksək effekt verib. Bunu nəzərə alaraq, “check-up” müayinələrin mütəmadi xarakter daşıması qərara alınıb. Müayinənin qiyməti cəmi 19 manatdır.
Qeyd edək ki, hazırda Respublika Diaqnostika Mərkəzində daha bir kampaniya keçirilir. Belə ki, sentyabrın 15-dək Mərkəzdə hər kəs bütün mikrobioloji testlərə 60%-ə qədər endirimdən faydalana bilər.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova