Səhiyyə qanunvericiliyinə dəyişikliklər olundu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Məclisin qərarı ilə qəbul edilmiş ““Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Qanunu imzalayıb.
Dəyişikliklərə əsasən, həmin Qanunun 36-cı maddəsinə aşağıdakı məzmunda dördüncü hissə əlavə edilib: “Şikayət verildiyi hallarda, barəsində şikayət olunan hərəkətin dayandırılması ilə bağlı məsələyə, maraqlı şəxsin ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə şikayət instansiyasının öz təşəbbüsü ilə, şikayət instansiyası tərəfindən dərhal baxılır və bu barədə müvafiq qərar qəbul edilir”.
Həmçinin həmin maddənin 3-cü hissəsində yeni əlavələrə uyğun müvafiq dəyişiklik olunub.
Dövlət başçısı “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Qanunun tətbiqi haqqında Sərəncam da imzalayıb.
Prezident İlham Əliyevin daha bir Fərmanı ilə “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə”Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanına dəyişiklik edilib və onun 2-ci hissəsinin dördüncü abzasından “6-cı maddəsinin ikinci hissəsinin beşinci abzasında və” sözləri çıxarılıb.