Bakıda II Beynəlxalq transplantoloji konqres keçirilib
Toplantıda orqan və toxumaların köçürülməsinin aktual problemləri müzakirə olunub
Səhiyyə Nazirliyinin dəstəyi, Türk Dünyası Transplantoloqlar Cəmiyyətinin və Türkiyə Transplantologiya Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilən konqresdə Azərbaycanla yanaşı, ABŞ, Türkiyə, İngiltərə, Avstraliya, Kanada, İran, Orta Asiya və ərəb ölkələri daxil olmaqla, cəmi 21 dövlətdən 500-ə yaxın nümayəndə iştirak edib. Tədbirə həmçinin Ümumdünya Transplantoloji Cəmiyyətinin sədri professor Filipp O’Konelli (Avstraliya) və digər görkəmli alimlər qatılıblar.
Konqresin açılış günü tədbir iştirakçıları Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin və görkəmli oftalmoloq Zərifə xanım Əliyevanın xatirələrinə ehtiramlarını ifadə edib, məzarları önünə əklil qoyublar. Sonra qonaqlar Şəhidlər Xiyabanını və Türk Əsgəri abidəsini də ziyarət ediblər.
Açılış mərasimində Türkiyə Transplantologiya Cəmiyyətinin sədri, Başkent Universitetinin və klinikasının qurucusu və rəhbəri, professor Mehmet Haberal çıxış edərək, I beynəlxalq konqresin ötən il Astana şəhərində 400-dən artıq nümayəndənin iştirakı ilə keçirildiyini xatırladıb, əminliyini bildirib ki, Bakıda təşkil olunan II konqres Azərbaycanda orqan nəqlinin inkişafına böyük təkan verəcək, kadrların və sosial-hüquqi qaydaların hazırlanmasında, orqan bağışlanması və meyit orqanlarının nəqli sahəsində mühüm rol oynayacaq.
Tədbirdə qeyd edilib ki, Türkiyə, Azərbaycan, Orta Asiya dövlətlərindən transplantoloqların, nefroloqların, cərrahların daxil olduğu Türk Dünyası Transplantoloqlar Cəmiyyəti 2014-cü ildə dünya şöhrətli alim, Türkiyə Transplantologiya Cəmiyyətinin sədri professor Mehmet Haberal tərəfindən yaradılıb.
Milli Məclisin Səhiyyə komitəsi sədrinin müavini Musa Quliyev öz çıxışında bildirib ki, ölkəmizdə orqan transplantasiyası ilə bağlı hüquqi bazanın formalaşdırılması ulu öndər Heydər Əliyevin rəhbərliyi dövrünə təsadüf edir. Belə ki, 1999-cu ildə “İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında” Azərbaycan Respublikasının Qanunu, 2000-ci ildə isə Nazirlər Kabinetinin qərarı ilə transplantasiyasına icazə verilən orqan və ya toxumaların siyahısı qəbul olunub. 2011-ci ildə Nazirlər Kabineti insan orqanları və toxumalarının transplantasiyası ilə bağlı daha bir neçə qərar qəbul edib.
Məlumat verilib ki, hazırda Azərbaycanda böyrəkköçürmə və qaraciyər köçürülməsi əməliyyatları ilə yanaşı, Respublika Talassemiya Mərkəzində sümük iliyi transplantasiyası da uğurla aparılır. Bununla yanaşı, ölkəmizdə ilk dəfə süni ürək köçürülməsi əməliyyatı da uğurla icra olunub. M.Quliyev onu da diqqətə çatdırıb ki, Azərbaycanda icbari tibbi sığortanın tətbiqindən sonra meyitdən orqan köçürülməsi də həyata keçiriləcək. O qeyd edib ki, dünya ölkələrinin təcrübəsinə görə, bəzən biznes məqsədilə hələ dünyasını dəyişməmiş insanlardan orqan götürülməsi halları baş verir. Azərbaycanda bu sahədə qanun pozuntularının qarşısını almaq üçün müvafiq klinikalarda həkimlərdən, hüquqşünaslardan və din xadimlərindən ibarət komissiyalar olacaq.
Konqresdə çıxış edən səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib ki, bu gün Azərbaycanda 620 orqan nəql olunmuş şəxsin dərman preparatları ilə təchizatı tamamilə dövlətin vəsaiti hesabına həyata keçirilir. Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasında ixtisaslaşmış şöbə – Orqan Transplantasiyası Mərkəzi yaradılıb, burada müxtəlif növ orqan nəqli əməliyyatları uğurla icra olunur. Nazir müavini qeyd edib ki, hazırda Bakı və regionlardakı 34 hemodializ mərkəzində 3 minə qədər xəstə hemodializ seansları alır. Artıq transplantasiya əməliyyatları tək paytaxtda deyil, regionlarda da uğurla keçirilir.
Tədbirin açılış mərasimində həmçinin Milli Məclisin deputatları, Qafqaz Müsəlmanlar İdarəsinin sədr müavini, Türkiyənin Azərbaycandakı səfirinin müavini və digər rəsmi qonaqlar çıxış ediblər.
Üç gün davam edən konqres öz işini plenar iclaslarda davam etdirib. Ümumdünya Transplantoloji Cəmiyyətinin sədri professor F.O’Konelli, dünyanın tanınmış transplantoloji mərkəzlərinin rəhbərləri və aparıcı mütəxəssisləri transplantologiyanın müxtəlif problemləri ilə bağlı maraqlı məruzələrlə çıxış ediblər. Bu günlərdə həmçinin elmi-praktiki seminarlar keçirilib, diskussiyalar aparılıb.
II Transplantoloji konqres çərçivəsində Başkent Universitetinin rektoru professor Mehmet Haberal Milli Məclisin Səhiyyə komitəsinin sədri akademik Əhliman Əmiraslanovla görüşüb. Tərəflər Azərbaycanda transplantologiyanın müasir səviyyədə inkişaf perspektivləri, bu sahədə sosial hüquqi bazanın yaradılması, kadr hazırlığı və birgə əməkdaşlıq haqqında geniş müzakirə aparıblar.
Digər görüş Azərbaycan Tibb Universitetində (ATU) baş tutub. Burada professor Ali Haberal ilə ATU-nun rektoru professor Gəray Gəraybəyli arasında keçirilən görüşdə tələbə və müəllim mübadiləsi barədə ikitərəfli memorandum imzalanıb.
Konqresdə türk dünyası transplantoloqlarının növbəti toplantısının 2017-ci ildə Ankarada keçirilməsi haqqında qərar qəbul olunub.