Ümumdünya Səhiyyə Assambleyasının 69-cu sessiyası

Ümumdünya Səhiyyə Assambleyasının 69-cu sessiyası

Mayın 23-dən 28-dək İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ali orqanı olan Ümumdünya Səhiyyə Assambleyasının (ÜSA) 69-cu sessiyası keçirilib.
Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyevin rəhbərliyi altında nümayəndə heyətimiz Assambleyada iştirak edib.
ÜSA-nın 69-cu sessiyasına ÜST-nin 194 üzv dövlətindən 3500-ə yaxın nümayəndə toplaşmışdı. Omanın səhiyyə naziri Ahmed bin Mohammed al-Saidinin sədr seçildiyi sessiyanın açılışında ÜST-nin Baş direktoru Marqaret Çan hesabat məruzəsi ilə çıxış edib.
Sön dövrlərdə Minilliyin İnkişaf Məqsədlərində səhiyyəyə aid hədəflər və qlobal miqyasda ictimai səhiyyə sahəsində nailiyyətlərdən, o cümlədən İİV, vərəm, malyariya və poliomielitlə mübarizədə, həmçinin ana və uşaq sağlamlığının mühafizəsi üzrə əldə olunan uğurlardan danışan M.Çan bu münasibətlə dünya ölkələrini təbrik edib. Bir sıra infeksiyaların tamamilə ləğv edilməsindən söz açan natiq bu mübarizədə Beynəlxalq Tibbi Sanitar Qaydaların əhəmiyyətini vurğulayıb. Bununla belə, Baş direktor Ebola, Zika virusu kimi infeksiya alışmalarını xatırladıb, dünyanı belə epidemiyaların qəfil yayılmasına hazır olmağa çağırıb, bu baxımdan səhiyyə sahəsində fövqəladə vəziyyətlərin idarə edilməsi ilə bağlı ÜST-nin fəaliyyətində islahatların əhəmiyyətini qeyd edib. M.Çan həmçinin iqlim dəyişikliyi, mikrob əleyhinə preparatlara dayanıqlılıq, ürək və ağciyər xəstəlikləri, xərçəng və diabet kimi qeyri-infeksion xəstəliklərin yükünün artması məsələlərinə diqqət çəkib. O deyib ki, sağlamlıqla bağlı problemlərin həlli yolu bütün əhalinin tibbi yardımla əhatə olunmasından keçir: “Tibbi yardımla ümumi əhatə olunma bütün digər məqsədlərin əsasını təşkil edir və heç kəsi unutmayan ədalətin ifadəsidir”, - deyə Marqaret Çan bildirib.
Ümumdünya Səhiyyə Assambleyasının 69-cu sessiyasında ÜST-nin müxtəlif qurumlarının hesabatları dinlənilib, bütün dünya səhiyyəsi üçün əhəmiyyət daşıyan bir sıra sənədlər və mövzular – 2030-cu ilədək dünyada davamlı inkişaf planı, ÜST-nin islahatı, pandemiyalara hazırlıq, fövqəladə vəziyyətlərin aradan qaldırılması, qeyri-infeksion xəstəliklərə qarşı mübarizə, “Ana, uşaq və yeniyetmələrin sağlamlığının mühafizəsi üzrə Qlobal Strategiya”, İİV, hepatit və cinsi yolla yoluxan infeksiyalar üzrə qlobal strategiyalar, uşaq piylənməsi, hava çirklənməsi, yol hərəkətinin təhlükəsizliyi, tütünlə mübarizə, tibb kadrları resursları, dərman çatışmazlığı və digər məsələlər müzakirə olunub, müvafiq bəyannamələr qəbul edilib.
Azərbaycan nümayəndə heyəti Assambleyanın plenar iclaslarında, həmçinin A və B Komitələrinin işində iştirak edib. Sessiyada Azərbaycan nümayəndələri vərəmə qarşı mübarizə, immunoprofilaktika, miqrantların sağlamlığı, malyariyanın eliminasiyası, epidemioloji nəzarətə dair çıxış ediblər.
ÜSA-nın 69-cu sessiyası çərçivəsində Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyevin bir sıra rəsmi şəxslərlə görüşləri olub.

ÜST Baş Direktoru Marqaret Çan ilə görüş

Oqtay Şirəliyevin ÜST-nin Baş direktoru Marqaret Çan ilə görüşü zamanı bu qurum ilə Azərbaycan arasında əməkdaşlığın hazırkı vəziyyətindən məmnunluq ifadə olunub, uğurlu əməkdaşlığın daha da inkişaf etdirilməsi yolları haqqında fikir mübadiləsi aparılıb. Həmçinin səhiyyə sahəsində ölkələr arasında əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyi qeyd edilib.
Son dövrlərdə dünyada baş verən hadisələrdən söz açan M.Çan infeksiyalara qarşı mübarizə və onlara hazırlıq tədbirləri, miqrasiya böhranı şəraitində infeksion xəstəliklərin transmilli sərhədlərdən yayılması təhlükəsi kimi məsələlərə toxunub, ÜST ekspertlərinin bu sahədə qazandığı müsbət təcrübədən danışıb. Görüşdə həmçinin ÜST Baş direktoru vəzifəsinə 2017-ci ildə keçiriləcək seçkilər müzakirə olunub.
Azərbaycanın səhiyyə naziri ölkəmizdə səhiyyə sahəsində aparılan islahatlar, səhiyyə sistemimizin təkmilləşdirilməsi haqqında M.Çana müfəssəl məlumat verib.
Baş Direktor Azərbaycanın son zamanlar bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etməsini təqdirlə vurğulayıb, eyni zamanda, bu tədbirlərin təhlükəsizliyinin təmin olunması və infeksiyalara qarşı mübarizə üzrə fəaliyyətlərin müstəsna əhəmiyyətini qeyd edib.
Görüşün sonunda ÜST Baş direktoru M.Çan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və ölkəmizin birinci xanımı Mehriban Əliyevanın səhiyyənin inkişafına göstərdikləri qayğı və diqqəti təqdir edib, bildirib ki, bu münasibət digər ölkə başçılarına da nümunə ola bilər.

ÜST Avropa Regional Bürosunun direktoru ilə görüş

Azərbaycan səhiyyə nazirinin ÜST Avropa Regional Bürosunun direktoru JujannaYakab ilə görüşündə ÜSA-nın 69-cu sessiyasının gündəliyində olan məsələlərə dair Avropa Regional Bürosunun mövqeyi, Azərbaycanın sessiyada çıxışları və müdaxilələri, ÜST Azərbaycan ofisinin təkmilləşdirilməsi və oraya beynəlxalq statuslu ekspertlərin cəlb edilməsi, habelə ÜST-də islahatların təşkilati məsələləri müzakirə edilib.
Regional direktor 2017-ci ildə keçiriləcək ÜST Baş direktoru seçkiləri ilə əlaqədar məsələlərə də toxunub.
Görüşdə ÜST çərçivəsində dövlətlərin qarşılıqlı şəkildə bir-birinə dəstək verməsinin vacibliyi vurğulanıb.

Fransanın sabiq səhiyyə naziri Filip Düste-Blazi ilə görüş

Sessiya çərçivəsində Azərbaycan səhiyyə nazirinin daha bir işçi görüşü Fransa Respublikasının ÜST Baş direktoru vəzifəsinə təqdim etdiyi namizəd Filip Düste-Blazi ilə olub.
Vaxtilə Fransada səhiyyə naziri, xarici işlər naziri, mədəniyyət naziri, eləcə də Fransa Hökumətinin digər yüksək vəzifələrini icra etmiş dövlət xadimi olan Filip Düste-Blazi ÜST Baş direktoru vəzifəsinə namizəd kimi öz seçki platforması haqqında məlumat verib, Azərbaycanın ona dəstək verəcəyinə ümidlərini ifadə edib.

Pakistanın federal naziri Saniya Niştarla görüş

Səhiyyə naziri Oqtay Şirəliyev sessiya çərçivəsində Pakistan İslam Respublikasının ÜST Baş direktoru vəzifəsinə təqdim etdiyi namizəd Saniya Niştar ilə görüşüb.
Pakistan İslam Respublikasının federal naziri olmuş Saniya Niştar ölkələrimiz arasında məhsuldar əməkdaşlıq əlaqələrinin olduğunu, dövlətlərimizin bütün beynəlxalq təşkilatlarda bir-birini dəstəklədiyini vurğulayıb. Görüşdə öz seçki platforması haqqında məlumat verən pakistanlı namizəd Azərbaycanın ona dəstək verəcəyinə ümid etdiyini bildirib.
Assambleyanın sessiyası dövründə Oqtay Şirəliyevin həmçinin Latviya, Belarus, Özbəkistan və Türkmənistanın səhiyyə nazirləri ilə, Türkiyə, İran, Pakistan, Avstriya, Almaniya və Danimarkanın nümayəndə heyətlərinin rəhbərləri ilə işçi görüşləri keçirilib. Görüşlərdə ölkələrimiz arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə edilib.

Qlobal Fondla Çərçivə Sazişi imzalandı

ÜSA-nın 69-cu sessiyası günlərində QİÇS, Vərəm və Malyariya ilə Mübarizə üzrə Qlobal Fondun Cenevrədəki baş ofisində Azərbaycan Respublikası səhiyyə naziri Oqtay Şirəliyevin qurumun icraçı direktoru Mark Eldon-Edinqton ilə görüşü keçirilib.
Azərbaycan Səhiyyə Nazirliyinin nümayəndə heyətinin, həmçinin Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Vaqif Sadıqovun da iştirak etdiyi görüş zamanı Qlobal Fondun rəsmisi ölkəmizdə İİV infeksiyası, vərəm və malyariya ilə mübarizə sahəsində görülən işləri yüksək qiymətləndirib.
Sonra QİÇS, Vərəm və Malyariya ilə Mübarizə üzrə Qlobal Fond ilə Azərbaycan Respublikası arasında yeni Çərçivə Sazişi imzalanıb.
Səfər çərçivəsində nümayəndə heyətimiz BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyimizin təşkil etdiyi, Azərbaycanın Respublika Gününə həsr olunan tədbirdə iştirak edib.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova