Doğuşayardım xidmətinin təkmilləşdirilməsi üçün tədbirlər görülür
Səhiyyə naziri Oqtay Şirəliyev “Doğuşayardım xidmətinin təkmilləşdirilməsi barədə” əmr imzalayıb.
Ölkəmizdə doğuşayardım xidmətinin inkişaf etdirilməsi, hamilə və zahılara yüksək ixtisaslı mama-ginekoloji yardımın göstərilməsi məqsədi ilə verilmiş əmrə əsasən, Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, Respublika Perinatal Mərkəzi, Azərbaycan Tibb Universitetinin I və II Mamalıq-ginekologiya kafedraları, M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası cədvəl üzrə regionlarda fəaliyyət göstərən doğuşayardım xidməti müəssisələrinə təhkim edilir.
Eyni zamanda, adı çəkilən müəssisələrin rəhbərlərinə tapşırılır ki, müvafiq şəhər və rayonlarda doğuşayardım xidmətinin təşkili, onun keyfiyyətinin və səmərəliliyinin yaxşılaşdırılması, bu sahədə təcrübi və metodiki yardımın göstərilməsi ilə bağlı fəaliyyətin təhlilini və təkliflərin verilməsini təmin etsinlər. Bununla yanaşı, yüksək ixrisaslı mütəxəssislərin Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası vasitəsilə ezam olunmaları, görülən işlər barədə daim Səhiyyə Nazirliyinə məlumat verilməsi də əmrdə öz əksini tapıb.
Əmrin digər bəndində rayon mərkəzi xəstəxanalarının baş həkimlərinə doğuşayardım xidmətini şəxsi nəzarətdə saxlamaqla, aidiyyətli mütəxəssislərin məsuliyyətinin artırılması və ambulator-poliklinik müəssisələrin, qadın məsləhətxanalarının və doğum evlərinin fəaliyyətinin əlaqələndirilməsi, ezam olunan mütəxəssislərin fəaliyyəti üçün lazımi şəraitin yaradılması, təhkim olunmuş mütəxəssislər tərəfindən görülmüş işlərin mütəmadi müzakirə edilməsi tapşırılır.