Səhiyyə naziri Gəncədə bir sıra tədbirlərin keçirilməsi ilə bağlı əmr imzalayıb
Səhiyyə naziri Oqtay Şirəliyev Gəncə şəhərinin “2016-cı il Avropa gənclər paytaxtı” seçilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının icrasını təmin etmək məqsədilə Tədbirlər Planının təsdiq olunması barədə əmr imzalayıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Tədbirlər Planında Səhiyyə Nazirliyinin tabeliyində olan tibb kollecləri tələbələrinin iştirakı ilə Gəncə Tibb Kollecində gənclərin tərbiyəsində mühüm rol oynayan “Erkən nikahların, pis adətlərin sağlamlığa mənfi təsiri” mövzusunda elmi-praktiki konfransın keçirilməsi nəzərdə tutulur. Bundan əlavə, Gəncədə “Gəncənin keçmişi və bu günü” mövzusunda elmi-praktiki konfrans, Gəncə Tibb Kollecinin tələbələrinin intellektual inkişafına xidmət edən bilik yarışı keçiriləcək. Həmçinin Gəncə Tibb Kolleci tələbələrinin iştirakı ilə “2016-cı il Avropa gənclər paytaxtı” devizi altında idman yarışlarının keçirilməsi də tədbirlər sırasındadır.
Eyni zamanda, zərərli vərdişlərin profilaktikası, sağlam həyat tərzinin təbliği, piylənmə və səhiyyənin başqa aktual problemləri haqqında ali və orta təhsil müəssisələrin gəncləri üçün həkim-mütəxəssislərin görüşləri və mühazirələri təşkil olunacaq. Əhali arasında məişət zorakılığının mənfi tibbi-psixoloji nəticələrinin izahı, habelə məişət zorakılığının qarşısının alınmasına yönəlmiş qabaqlayıcı maarifləndirmə tədbirlərinin keçirilməsi də planlaşdırılıb.
Nikaha daxil olan gənclərə Gəncə Şəhər Səhiyyə İdarəsinin tabeliyindəki müəssisələr tərəfindən ailənin planlaşdırılması məsələləri üzrə məsləhətlərin verilməsi, eləcə də gənc alimlərin və rezidentlərin elmi-praktiki konfranslarının keçirilməsi də Tədbirlər Planında öz əksini tapıb.