Səhiyyə naziri vərəmlə mübarizəyə dair əmr imzalayıb
Səhiyyə naziri Oqtay Şirəliyev “2016-2020-ci illər uçun vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı”nın həyata keçirilməsinə dair əmr imzalayıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu əmrlə “2016-2020-ci illər üçün vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı”nın icrası ilə bağlı Səhiyyə Nazirliyinin Fəaliyyət Planı təsdiq olunub, həmçinin aidiyyətli qurumların rəhbərlərinə tədbirləri vaxtında, keyfiyyətli həyata keçirmək və görülən işlər barəsində vaxtaşırı Səhiyyə Nazirliyinə məlumat vermək tapşırılıb.
Tədbirlər Planına Ümumdünya Səhiyyə Təşkilatının vərəmlə mübarizə strategiyasına uyğun olaraq vərəmli xəstələrin vahid elektron registrinin təkmilləşdirilməsi, xəstəliyin diaqnostikasının yaxşılaşdırılması məqsədilə vərəm əleyhinə tibb müəssisələrinin müasir laboratoriya avadanlığı ilə, o cümlədən mikrobioloji laboratoriya avadanlığı ilə, həmin laboratoriyaların zəruri reaktiv və ləvazimatlarla təchiz edilməsi, həmçinin dərman preparatlarının keyfiyyətinə nəzarət, xəstəliyin profilaktikası məqsədilə uşaqların peyvəndlə əhatə edilməsi daxildir. Əmrə əsasən, vərəmin erkən diaqnostikası məqsədilə tibb müəssisələri spesifik sınaq vasitələri və dərman preparatları ilə davamlı şəkildə təchiz ediləcək, xəstəliyin profilaktikası, diaqnostikası və müalicəsi üzrə mütəxəssislər hazırlanacaq, onlar üçün treninqlər təşkil olunacaq.