İslam ölkələrinin birinci xanımları xərçənglə mübarizəni gücləndirməyə çağırırlar

İslam ölkələrinin birinci xanımları xərçənglə mübarizəni gücləndirməyə çağırırlar

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva İslam Əməkdaşlıq Təşkilatının İstanbul Sammitinin sessiyasında iştirak edib


İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilən XIII Sammiti çərçivəsində bir sessiya “Xərçəng xəstəliyi ilə mübarizədə birinci xanımların liderliyi” mövzusuna həsr olunub.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva sessiyada iştirak edib.
Türkiyənin birinci xanımı Əminə Ərdoğan Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı qarşılayıb.
Müqəddəs “Qurani-Kərim”dən ayənin oxunması ilə başlanan sessiyanı Türkiyənin birinci xanımı Əminə Ərdoğan açaraq, İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilən XIII Sammitinin əhəmiyyətini vurğulayıb və bu Zirvə görüşündə İslam ölkələrinin birinci xanımlarını görməkdən məmnun olduğunu deyib. Əminə Ərdoğan müsəlman cəmiyyətlərini maraqlandıran ortaq problemlərin mövcudluğunu söyləyib.
Türkiyənin birinci xanımı İslamın terrorla eyniləşdirilməsindən təəssüfləndiyini bildirərək, islamofobiyanın müsəlmanlara qarşı yönəlmiş təhlükəli addım olduğunu diqqətə çatdırıb. “İslam aləminin və insanlığın rifahı bizim səylərimizdən asılıdır”, - deyən Əminə Ərdoğan onu da vurğulayıb ki, İslam dünyası malik olduğu potensialın fərqinə varmalı, müsəlmanlar öz dəyərlərini qorumaq üçün birləşməlidirlər.
Türkiyənin birinci xanımı “Xərçəng xəstəliyi ilə mübarizədə birinci xanımların liderliyi” mövzusunda sessiyanın keçirilməsinin əhəmiyyətindən danışıb, bu xəstəliklə mübarizənin bütün dünya üçün önəmli məsələ olduğunu bildirib. Xərçəng xəstəliyinin qarşısının alınması və müalicəsinin mümkünlüyünü deyən Əminə Ərdoğan bu sahədə həyata keçiriləcək ilk tədbir kimi məlumat bankının yaradılması təşəbbüsünü irəli sürüb.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva sessiyada çıxış edib.
Tədbir iştirakçılarını salamlayaraq, hər kəsə sağlamlıq və xoşbəxtlik diləyən Mehriban Əliyeva önəmli mövzuya həsr olunmuş, dünyanın ən ağır xəstəliklərindən biri olan xərçəng haqqında xalqlarımıza dolğun məlumatın verilməsi məqsədi daşıyan sessiyanı təşkil etdiyinə görə Türkiyənin birinci xanımına təşəkkürünü bildirib, həmçinin İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin xalqlarına dərin hörmətini və ən xoş arzularını çatdırıb.
Mehriban xanım Əliyeva qeyd edib ki, mütəxəssislər xərçəng xəstəliyinin qarşısını almaq üçün, onun erkən aşkar edilməsi istiqamətində səylər göstərir və müalicəsi üçün müxtəlif vasitələrdən istifadə edirlər. Bu problemlə bəşəriyyət uzun illərdən bəri üzləşsə də, bu günədək onunla və onun müalicəsi ilə bağlı bəzi yanlış fikirlər mövcuddur: bir çox hallarda xərçəng xəstəliyi sırf tibb problemi kimi təsvir edilir, onkoloji diaqnozun bir növ ölümə məhkumluq olması, əsasən yaşlı insanlarda rast gəlinməsi kimi rəylər var.
Azərbaycanın birinci xanımı vurğulayıb ki, bütün sosial-iqtisadi və yaş qruplarında, inkişaf etmiş və inkişaf edən ölkələrdə yayılan onkoloji xəstəliklər müasir dünyada təkcə səhiyyənin yox, həm də sosial, iqtisadi, ekoloji və təhsil problemidir: “Elmi təhlillər göstərir ki, düzgün profilaktik strategiya qurulanda xərçəng xəstəliyinin ən çox yayılmış növünün üçdəbir hissəsinin qarşısını almaq mümkündür. Əhali arasında onkoloji xəstəliklərin yaranma səbəblərinin aradan qaldırılması, ilkin diaqnostika, xəstəliyin düzgün profilaktikası və müalicəsi bu sahədə çalışan mütəxəssislərin diqqət mərkəzindədir. Bununla bağlı işlər dörd əsas istiqamətdə həyata keçirilir – sağlam həyat tərzinin seçilməsi, xəstəliyin erkən aşkar olunması, hər bir xəstənin müasir müalicə üsulları ilə təmin edilməsi və ümumi həyat keyfiyyətinin yüksəldilməsi”.
Azərbaycanda müstəqillik dövründə bu istiqamətdə mühüm addımlar atıldığını söyləyən Mehriban xanım bunlardan müasir Milli Onkologiya Mərkəzinin yaradılmasını, regionda ilk Uşaq Onkoloji Klinikasının açılmasını xatırladıb. Bununla belə, qeyd edib ki, bu sahədə böyük nailiyyətlərə baxmayaraq, bir çox ölkələrdə olduğu kimi, Azərbaycanın rəsmi statistikasına görə ölkəmizdə insan ölümünün əsas səbəbləri arasında onkoloji xəstəliklər ikinci yeri tutur, onkoloqlar isə, dünya praktikasında olduğu kimi, bu xəstəlikdən əziyyət çəkən insanların əzabını bəzən ancaq yüngülləşdirə bilirlər: “Yer kürəsində hər il 500 min insan bu xəstəliklə üzləşir. Çox hallarda diaqnoz xəstəliyin yalnız son mərhələlərində qoyulur və insanların həyatını xilas etmək olmur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, yaxın 20 ildə bu xəstəlikdən əziyyət çəkən insanların sayının 50 faizdən çox artacağı gözlənilir. Məhz buna görə onkoloji xəstəliklər bütün bəşəriyyət üçün ən aktual problemlərdən biridir”.
XXI əsrdə elmin inkişafı sayəsində əldə ediləcək yeni imkanların və texnologiyaların onkoloji xəstəliklərin müalicəsində dönüş yaradacağına, milyonlarla insanın ölümünə səbəb olan bu xəstəliklərin müalicəsi üçün səmərəli vasitə tapılacağına əminliyini ifadə edən Mehriban xanım Əliyeva çıxışının sonunda bu ciddi problemə beynəlxalq ictimaiyyətin diqqətini yönəltdiyinə görə Əminə xanım Ərdoğana bir daha təşəkkürünü bildirib, qardaş türk xalqına sülh və əmin-amanlıq arzulayıb.
Sessiyada digər çıxış edənlər hər il artan xərçəng xəstəliklərindən əziyyət çəkən insanlara dünya ictimaiyyətinin diqqətini yönəltməyin mühüm əhəmiyyətini qeyd ediblər. Vurğulanıb ki, bütün dünya bu xəstəlikdən əziyyət çəkənlərə dəstək olmalı, həmin xəstəliyə dair əhalinin maariflənməsinə təkan verilməlidir.
Sessiya iştirakçıları məsələ ilə bağlı dünya ictimaiyyətini səyləri birləşdirməyə çağırıb, xərçəng xəstəlikləri ilə mübarizənin yalnız birlikdə aparıldıqda səmərəli olduğunu xatırladıblar. Bu xəstəliklə mübarizədə diaqnostikanın rolu xüsusi vurğulanıb. Xərçəngin tədqiqi sahəsində mühüm irəliləyişin əldə edildiyini deyən natiqlər bu sahədə inkişafı sürətləndirməyin yollarını araşdırmağın vacibliyinə diqqət çəkiblər, alimlərin bir-biri ilə daha çox məlumat mübadiləsi aparmasının zəruri olduğunu bildiriblər.
Tədbir iştirakçıları alimlərin hazırda xərçəngin necə formalaşdığı və yayıldığı barədə daha çox biliklərə malik olduqlarını və onun öhdəsindən gəlmək üçün yeni yollar üzərində işlədiklərini vurğulayıblar.
Sessiyada İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının xanımlarının “Xərçəng xəstəliyi ilə mübarizədə birinci xanımların liderliyi” Bəyannaməsi imzalanıb.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova