Akademik V.Y.Axundovun 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
2016-cı ilin may ayında Azərbaycanın görkəmli alimi və tanınmış ictimai-siyasi xadimi, akademik Vəli Yusif oğlu Axundovun anadan olmasının 100 illiyi tamam olur.
Vəli Axundov uzun illər dövlət idarəçiliyi sahəsində ən məsul vəzifələrdə çalışarkən təqdirəlayiq fəaliyyət göstərmiş və tibb alimi kimi respublikada səhiyyə işinin təşkilinə töhfələr vermişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan elminin inkişafında və ölkənin ictimai-siyasi həyatında mühüm xidmətləri olan akademik Vəli Axundovun 100 illik yubileyinin dövlət səviyyəsində keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə akademik Vəli Axundovun 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 yanvar 2016-cı il.