Lisenziyalar müddətsiz veriləcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” Fərman imzalayıb.
Bu sənədlə ölkəmizdə yeni lisenziyalaşdırma qaydaları, dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar və bütün digər hallarda lisenziya tələb olunan fəaliyyət növlərinin siyahıları və həmin fəaliyyət növlərinə lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri, həmçinin “Naxçıvan Muxtar Respublikasının icra hakimiyyəti orqanları tərəfindən lisenziya verilən fəaliyyət növlərinin siyahısı” təsdiq edilib.
Lisenziyalaşdırma qaydasının dəyişməsi, bəzi fəaliyyət növləri üçün lisenziya alınması tələbinin ləğvi, lisenziya verilməsi üçün tələb olunan şərtlərin sadələşdirilməsi ilə əlaqədar olaraq Fərmanda Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinin təkmilləşdirilməsi, həmçinin “Elektron lisenziya” portalının yaradılması nəzərdə tutulur.
Yeni qaydalara əsasən, lisenziyalar müddətsiz veriləcək. Fərmanın qüvvəyə mindiyi gün qüvvədə olan lisenziyalar müddətsiz hesab ediləcək, lisenziya sahiblərinin müraciətləri əsasında onlar müddətsiz lisenziyalarla əvəz olunacaq.
Dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar fəaliyyət növləri istisna olmaqla, sahibkarlıq fəaliyyətinin lisenziya tələb olunan bütün növləri üzrə lisenziyalar Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən veriləcək. Bu zaman sahibkarlıq fəaliyyəti növünün xüsusiyyətlərindən asılı olaraq, aidiyyətli dövlət orqanının, ekspert və ya mütəxəssislərin rəyi nəzərə alınacaq.
Özəl tibb fəaliyyəti üçün lisenziya alındıqda ərizəçinin məşğul ola biləcəyi iş və xidmətlərin siyahısı lisenziyanın əlavəsində göstərilir.
Lisenziya sahibinin lisenziya şərtlərinə riayət etməsinə nəzarəti sahəvi qanunlarla müəyyən olunmuş qaydada müvafiq nəzarət orqanı həyata keçirir. Nəzarət orqanı lisenziya sahibinin qanunların tələblərinə və Nazirlər Kabinetinin təsdiq etdiyi əlavə şərtlərə riayət etmədiyini aşkarladıqda lisenziyanın dayandırılması məsələsinə baxılır.
Adı çəkilən Fərmanla təsdiq edilmiş “Lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı”na əsasən, özəl tibb fəaliyyəti üçün dövlət rüsumunun məbləği 2250 manat, əczaçılıq fəaliyyəti sahəsində dərman vasitələrinin istehsalı və topdansatışı üçün (ayrı-ayrılıqda) 2250 manat, dərman vasitələrinin pərakəndə satışı üçün 1000 manat, yabanı dərman bitkiləri xammalının yığılması üçün 250 manat müəyyən edilib.
Əczaçılıq və özəl tibb fəaliyyəti üçün Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanları da yalnız Muxtar Respublika ərazisində qüvvədə olan lisenziya verə bilər.
Xəbəri paylaş