Türk dünyası və Avrasiya pediatrları Bakıda toplaşdılar

Türk dünyası və Avrasiya pediatrları Bakıda toplaşdılar

Bu günlərdə Bakı şəhərində Səhiyyə Nazirliyinin təşkilatçılığı və Heydər Əliyev Mərkəzinin dəstəyi ilə Türk dünyası və Avrasiya pediatrlarının XV konqresi keçirildi.
Dünya şöhrətli pediatr İhsan Doğramacının anadan olmasının 100 illiyinə həsr edilən tədbiri Azərbaycan Respublikası səhiyyə nazirinin müavini Abbas Vəlibəyov açdı. Ölkəmizin sürətli iqtisadi inkişafının sosial sahələrdə, o cümlədən səhiyyədə ciddi uğurlara təkan verdiyini vurğulayan natiq son on ildə səhiyyənin idarə olunması, kadr islahatları, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi və digər sahələrdə geniş miqyaslı tədbirlərin həyata keçirildiyini, 500-dən çox tibb müəssisəsinin tikildiyini və ya əsaslı təmir edilərək əhalinin istifadəsinə verildiyini dedi. Nazir müavini bu istiqamətdə görülən işlərin Azərbaycan səhiyyəsinin beynəlxalq miqyasda nüfuzunun nəzərəçarpacaq dərəcədə artmasına da səbəb olduğunu diqqətə çatdırdı.
Türk Dünyası Pediatrlar Birliyinin prezidenti, K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, Səhiyyə Nazirliyinin pediatriya üzrə baş mütəxəssisi, professor Nəsib Quliyev pediatriyanın aktual problemlərinə həsr olunan konqresdə bir çox ölkələrdən gələn tanınmış alimlərin, pediatrların iştirak etdiyini, belə tədbirlərin tibb mütəxəssislərinin bilik və bacarıqlarının daha da artırılmasına, onların qarşılıqlı fikir mübadiləsi aparmaq imkanı qazanmasına şərait yaratdığını dilə gətirdi. Tədbirin uşaqlara göstərilən tibbi xidmətin səviyyəsinin daha da yüksəlməsinə gətirib çıxaracağına inandığını bildirdi: “Konqres iki gün davam edəcək və bu müddət ərzində 30-a yaxın məruzə dinləniləcək. Məruzələr uşaqların yeni doğulma dövründən başlayaraq müxtəlif yaş dövrlərini əhatə edən və bu gün bizi daha çox narahat edən aktual problemlərə həsr edilib. Əminəm ki, bu problemlərin araşdırılması uşaqlar arasında rast gəlinən bir sıra xəstəliklərin müalicə və profilaktikasına önəmli dəstək olacaq”.
Azərbaycanda uşaqlara göstərilən dövlət qayğısından danışan N.Quliyev konqres çərçivəsində ölkəmizdə qonaq olan mütəxəssislərdən bəzilərinin bir sıra uşaq xəstəxana və klinikalarına baş çəkdiyini və oradan müsbət təəssüratlarla ayrıldıqlarını vurğuladı: “Dünyanın inkişaf etmiş ölkələrindən gələn nümayəndələr xəstəxanalarımız, tibb elmimiz, ümumilikdə səhiyyəmiz haqqında çox yüksək fikirdədirlər. Bu münasibət bizi sevindirməyə bilməz. Təbii ki, bütün qeyd edilən uğurlara Prezident İlham Əliyevin səhiyyə sahəsində həyata keçirdiyi siyasət nəticəsində nail olunub. Dövlət başçısının müəyyən etdiyi dövlət proqramları vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təchizatını, müalicəsini, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunmasını təmin edir.
Bir sıra dövlət proqramlarının reallaşdırılmasında Heydər Əliyev Fondunun və onun Prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətləri vardır. Fond diabetli, talassemiyalı xəstələrə qayğı, onların müalicəsinin təşkili, ana və uşaqların sağlamlığının qorunması sahəsində çox böyük işlər görüb”.
Konqresdə çıxış edən Türk Dünyası Pediatrlar Birliyinin baş katibi, professor Ənvər Həsənoğlu isə birliyin yaranma tarixi, dünya şöhrətli pediatr İhsan Doğramacının həyat və fəaliyyəti barədə geniş məlumat verdi. O, 1993-cü ildə professor İhsan Doğramacı tərəfindən yaradılan Birliyin əsas məqsədinin türk dünyası pediatrlarını bir yerə yığmaq, onların fikir mübadiləsinə imkan yaratmaq və bölgədə uşaq sağlamlığı problemlərinə çarə axtarmaq olduğunu dedi. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Tacikistan, İran, Əfqanıstan, Tatarıstan, Başqırdıstan, Krım və digər ölkələrin özv olduğu Birliyin ilk konqresinin Ankarada keçirildiyini, Türk dünyası və Avrasiya pediatrlarının XVI konqresinin isə Kanada baş tutacağını diqqətə çatdırdı. Çıxışının sonunda Ə.Həsənoğlu bütün dünyada uşaqların daha sağlam, xoşbəxt olması barədə arzularını dilə gətirdi və XV Konqresin keçirilməsində əməyi keçən hər kəsə, xüsusilə Səhiyyə Nazirliyinə minnətdarlığını bildirdi.
İki gün davam edən tədbirdə Avropa Pediatrlar Assosiasiyasının Prezidenti, Rusiya Uşaq Sağlamlığı Mərkəzinin elmi işlər üzrə direktor müavini, professor Leyla Namazova “Uşaq hüquqları – pediatrlar nə edə bilərlər?”, İ.K.Axundbayev adına Qırğızıstan Dövlət Tibb Akademiyasından Raisa Atambayeva “Qırğızıstan Respublikasında yeniyetmə qızların reproduktiv potensialı”, Kazan Tibb Universitetinin professoru Elmira Minqazova “Yenidoğulanlarda sepsis zamanı aktual yeniliklər”, Tacikistan Pediatriya və Uşaq Cərrahiyyəsi Elmi Klinik Mərkəzinin direktoru, professor Zoir Nəbiyev “Kəskin limfoblast leykoz zamanı enteral çatışmazlığı olan uşaqlarda diaqnostika və müalicənin xüsusiyyətləri”, Azərbaycan Tibb Universitetinin elmi işlər üzrə prorekteru, professor İbrahim İsayev “Uşaqlarda anadangəlmə urək qüsurları: pre və postnatal diaqnostika” və s. mövzularda məruzələr etdilər.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova