Baş nazirin müavini: "Dərman preparatlarının keyfiyyətli olması ən vacib məsələdir"
Bu gün Azərbaycanda dərman bazarında olan durum, dərmanların qiymətlərinin tənzimlənməsi və keyfiyyəti məsələlərinin aktuallığını nəzərə alaraq Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov paytaxtda yerləşən bir sıra apteklərdə əhaliyə göstərilən xidmətlərin vəziyyəti ilə maraqlanıb.
“Zeytun” aptekinə gələn Əli Əhmədov burada dərman preparatlarının qiyməti və keyfiyyəti ilə tanış olub. Söhbət zamanı əczaçılar dərman vasitələrinin satışının yeni qayda ilə həyata keçirildiyini, dərmanların qiymətlərinin tənzimlənməsi ilə bağlı qərarı alqışladıqlarını bildiriblər.
Jurnalistlərə müsahibə verən Baş nazirin müavini deyib ki, sentyabrın 15-dən etibarən Tarif Şurası tərəfindən təsdiq edilmiş 25 təsiredici maddə üzrə 1057 adda dərman vasitəsinin yeni qiymətləri qüvvəyə minib. Artıq ölkənin bütün apteklərində həmin dərman vasitələri eyni qiymətə satılır. Ölkədə dövlət qeydiyyatından keçmiş digər dərmanların qiymətləri də yaxın vaxtlarda müəyyənləşəcək.
Bu addımın atılmasının heç də təsadüfi olmadığını vurğulayan Əli Əhmədov Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində dərmanların qiymətləri ilə bağlı iradlarından sonra bu istiqamətdə müvafiq tədbirlər görülməyə başlandığını söyləyib. Məqsəd əhaliyə göstərilən tibbi xidmətin səviyyəsinin yüksəlməsinə nail olmaq, dərmanların baha qiymətə satılmasının qarşısını almaqla vətəndaşların büdcəsinə müsbət təsir göstərməkdir.
Bu praktikanın dünyanın bir çox ölkələrində tətbiq olunduğunu qeyd edən Əli Əhmədov bildirib ki, dərmanların keyfiyyətli olması da vacib məsələdir. Səhiyyə Nazirliyinin nəzdində dərman vasitələrinin keyfiyyətinə nəzarət funksiyasını həyata keçirən qurum öz fəaliyyətini daha da gücləndirəcək: “Burada yaradılan şərait göstərir ki, Azərbaycanın dərman bazarında ciddi nizam-intizam var. Atılan addımlar doğrudur və vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir”.
Ölkədə dərman qıtlığı ehtimalına toxunan Baş nazirin müavini vurğulayıb ki, Azərbaycanda lazımi dərman ehtiyatı var, bu proses daim idarə olunur, Səhiyyə Nazirliyi bu istiqamətdə qabaqlayıcı tədbirlər görür: “Ölkəyə idxal olunan bütün bahalı və ucuz dərmanların üzərində Tarif Şurasının müəyyənləşdirdiyi qiymətlər olacaq. Məqsədimiz Azərbaycana bahalı dərmanların idxal olunmasının qarşısını almaq deyil. Söhbət ondan gedir ki, gətirilən dərmanların üzərinə daha yüksək qiymətlər qoyulmasın”, - deyə Əli Əhmədov bildirib.