Dövlət başçısı əsaslı təmir edilmiş Respublika Əlillərin Bərpa Mərkəzini açıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika Əlillərin Bərpa Mərkəzinin əsaslı yenidənqurmadan sonra açılış mərasimində iştirak edib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov görülən işlərlə bağlı dövlət başçısına məlumat verib ki, 1986-cı ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Cənubi Qafqazda bu sahədə ilk tibb ocağı kimi fəaliyyətə başlayan Respublika Əlillərin Bərpa Mərkəzinin 1994-cü ildə inşa edilmiş binasında 2013-cü ildən həyat keçirilən yenidənqurma işləri yüksək səviyyədə başa çatdırılıb.
Ölkə rəhbəri Mərkəzin rəmzi açılışını bildirən lenti kəsib və bina ilə tanış olub. Foyedə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin sağlamlıq imkanları məhdud insanlara qayğısını, onlarla görüşlərini əks etdirən fotoguşə yaradılıb.
Prezident İlham Əliyevin 2015-ci il martın 16-da imzaladığı Fərmanla yaradılmış Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tərkibində fəaliyyət göstərən Respublika Əlillərin Bərpa Mərkəzi ölkəmizdə bütün əlillərin, o cümlədən Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə sağlamlıqlarını itirmiş Qarabağ müharibəsi əlillərinin, 20 Yanvar, Çernobıl, Əfqanıstan hadisələri zamanı əlil olmuş insanların müayinə və müalicəsində yüksək peşəkarlıq göstərir. Mərkəzdə Fizioterapiya və psixoloji korreksiya, Tibbi-sosial reabilitasiya və Funksional diaqnostika şöbələri var. Bərpa müalicəsi alanların mərkəzə qəbulu tibbi-sosial ekspert komissiyalarının, müalicə-profilaktika müəssisələrinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göndərişlərinə əsasən həyata keçirilir. Mərkəzin tibb heyəti vaxtaşırı xarici ölkələrdə təkmilləşmə kurslarına cəlb olunur, öz bilik və bacarıqlarını artırır.