Qanunvericiliyə sertifikasiya ilə bağlı dəyişiklik olundu

Milli Məclisin növbədənkənar sessiyasının spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən növbəti iclasında qanunvericiiyə tibb işçilərinin sertifikasiyası ilə bağlı dəyişiklik olunub.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, iclasda Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsinə dair məlumat verib. O, sənədin ikinci oxunuşda plenar iclasda qəbul edilməsindən sonra əlavə heç bir təklifin daxil olmadığını söyləyib və sənədin dəstəklənməsini xahiş edib.
Layihədə nəzərdə tutulan dəyişikliyə əsasən, sertifikasiya şəhadətnaməsinin əldə edilməsi üçün tibb mütəxəssislərinin öz seçimlərindən asılı olaraq, 5 ildə bir dəfə imtahanda iştirak etməsi və ya elmi, pedaqoji və digər tədris fəaliyyətləri ilə məşğul olmaqla davamlı peşəkar inkişafını (DPİ) həyata keçirməsi təklif olunur. Sertifikasiya imtahanından keçməyən işçilərin 6 ay müddətində iş yerinin və aylıq vəzifə maaşının saxlanılması müəyyən edilir.
Əmək və sosial siyasət komitəsinin üzvü Soltan Məmmədov məsələ barədə bu komitənin müsbət rəyini bildirdikdən sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Parlamentin növbədənkənar sessiyasının digər plenar iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rövşən Muradov “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsinə dair məlumat verib. Millət vəkili məsələyə ikinci oxunuşda baxıldıqdan sonra deputatlar tərəfindən hər hansı təklif daxil olmadığına görə layihənin olduğu kimi səsə qoyulmasını xahiş edib.
Qanuna təklif olunan dəyişikliklərdə ölkə ərazisində tibb, təhsil və sosial sahəyə aid müəssisələrdə şəxslərin qida normalarının yenilənməsinin hüquqi əsasının yaradılması və yeni qida normalarının müəyyən edilməsi nəzərdə tutulur.
Dəyişikliyə əsasən, Qanuna “Minimum istehlak səbətinin qida məhsulları üzrə tərkibi əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tibb müəssisələrində, təhsil müəssisələrində və sosial sahəyə aid müəssisələrdə şəxslərin qida normaları müəyyən edilir” məzmunlu yeni maddə əlavə olunub.
Hazırda qeyd edilən müəssisələrdə qida normaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 9 mart tarixli qərarına uyğun olaraq müəyyən edilir. Həmin normaların müəyyənləşdirildiyi tarixdən uzun müddət keçməsinə baxmayaraq, bu normalarda mahiyyəti üzrə ciddi dəyişiklik edilməyib. Bu baxımdan, adıçəkilən müəssisələrdə istifadəsi məqsədəuyğun olan qida məhsullarının çeşidliliyinin minimum istehlak səbətinin qida məhsulları üzrə tərkibinə uyğunlaşdırılmasına, həmçinin müxtəlif növ xəstəliklərin müalicə metodikasından irəli gələrək tibb müəssisələrində yeni qida normalarının müəyyən edilməsinə ehtiyac yaranıb.
Qanunun qəbulundan sonra minimum istehlak səbətinin qida məhsulları üzrə tərkibi əsasında tibb müəssisələrində, təhsil müəssisələrində və sosial sahəyə aid müəssisələrdə şəxslərin yeni qida normaları təsdiqlənəcək.
Müzakirələrdən sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Xəbəri paylaş