ABŞ ÜST-dən çıxır
Amerika Birləşmiş Ştatlarının (ABŞ) yeni seçilmiş Prezidenti Donald Tramp 2025-ci il yanvarın 20-də ABŞ-nin Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxması barədə əmr imzalayıb.
Bu barədə REUTERS agentliyinin yaydığı xəbərdə deyilir ki, Tramp vəzifələrinin icrasına başlayan kimi belə bir qərar qəbul etməsini qurumun COVID-19 pandemiyası ilə və səhiyyə sahəsində digər beynəlxalq böhranlarla mübarizədə idarəetməni düzgün qurmaması, öz daxilində islahatlar apara bilməməsi, üzv dövlətlərin siyasi təsirindən asılı olması ilə əlaqələndirib.
Bundan başqa, sənəddə deyilir ki, ÜST ABŞ-dən ədalətsiz dərəcədə yüksək, başqa dövlətlərin üzvlük haqları ilə müqayisəyə gəlməyən ödənişlər tələb edir. Belə ki, ABŞ-dən üç dəfə çox – 1,4 milyard nəfər əhalisi olan Çin ÜST-yə ABŞ-dən 90%-dək az vəsait ödəyir.
Sənədin imzalanması zamanı Tramp deyib: “Ümumdünya Səhiyyə Təşkilatı bizi soyurdu. Hər kəs Amerika Birləşmiş Ştatlarından oğurluq etməyə çalışır. Bundan sonra belə olmayacaq”.
Əslində, bu addım gözlənilməz deyil, çünki Tramp ÜST-ni 2020-ci ildən tənqid edir. Həmin dövrdə o, Çini COVID-in mənşəyi ilə bağlı dünyanı aldatmaqda, ÜST-ni isə Çinin bununla bağlı səylərini dəstəkləməkdə günahlandırıb. ÜST isə bu iddiaları rədd edərək bəyan edib ki, düzgün məlumatları almaq üçün Pekinə hər cür təzyiq göstərib.
Trampın bu qərarı o deməkdir ki, 12 aydan sonra ABŞ Birləşmiş Millətlər Təşkilatının səhiyyə üzrə agentliyindən çıxacaq və onun fəaliyyətini dəstəkləyən maliyyələşməni dayandıracaq. İndiyədək ABŞ ÜST-nin ən böyük maliyyə donoru idi və onun maliyyələşməsinin təxminən 18%-ni təmin edirdi. Nəzərə alsaq ki, ÜST-nin 2024-2025-ci illər üçün sonuncu ikiillik büdcəsi $6,8 milyard təşkil edir, ABŞ-nin ödənişinin miqyasını görmək olar.
Bayden administrasiyası dövründə Ağ evin COVID-19-a cavab tədbirləri üzrə əlaqələndiricisi doktor Aşiş Ca Donald Trampın ÜST-dən çıxmaq haqqında qərarını “strateji səhv” adlandırıb, bildirib ki, bu addım ÜST kimi vacib təşkilatda siyasi vakuum yaradacaq, onu isə yalnız bir dövlət – Çin doldura bilər.
Təşkilatdan çıxmaq haqqında qərar ABŞ-nin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) ÜST-nin verdiyi qlobal məlumatlara əlçatanlığını məhdudlaşdıra bilər. Məsələn, 2020-ci ildə ÜST yeni növ koronavirusun genetik ardıcıllığını Çindən əldə etmiş və bütün üzv dövlətlərlə paylaşmışdı.
Qeyd edək ki, ÜST-nin pandemiyalara hazır olma üzrə müqaviləsi və onun üzv dövlətlər üçün hüquqi cəhətdən məcburi siyasət kimi qəbul edilməsi tələbi Tramp tərəfdarları tərəfindən tənqid edilir və Amerika suverenliyinə təhdid hesab olunur.
Corctaun Universitetindən ictimai səhiyyə hüququ üzrə ekspert Lourens O. Qostin isə bu fikirdədir ki, ABŞ-nin ÜST-dən çıxması dünya ictimai səhiyyəsi üçün dərin yara olmaqla yanaşı, Amerikanın özünün milli maraqlarına və milli təhlükəsizliyinə daha dərin yara vuracaq.