Səhiyyə Nazirliyində ÜST-nin Avropa üzrə regional direktoru ilə görüş keçirilib

Səhiyyə Nazirliyində ÜST-nin Avropa üzrə regional direktoru ilə görüş keçirilib

Səhiyyə Nazirliyində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ölkəmizdə səfərdə olan Avropa üzrə regional direktoru Hans Henri Klügenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Ümumdünya Səhiyyə Təşkilatının Avropa İttifaqında nümayəndəsi Oksana Domenti, ÜST-nin Azərbaycandakı nümayəndəsi və ölkə ofisinin rəhbəri Hande Harmançı, ÜST-nin kommunikasiya məsələləri üzrə mütəxəssisi Roy Vaidaya iştirak ediblər.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, toplantıda səhiyyə naziri Teymur Musayev ölkəmizin ÜST ilə qarşılıqlı əməkdaşlığa önəm verdiyini qeyd edib. Azərbaycanın bu nüfuzlu səhiyyə təşkilatı ilə sıx əməkdaşlığının ildən-ilə yüksələn xətlə inkişaf etdiyini deyən nazir bildirib ki, ötən dövrdə qarşılıqlı əməkdaşlıq şəraitində mühüm işlər görülüb, ölkə, regional və qlobal səviyyələrdə uğurlu layihələr həyata keçirilib.
Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yerli əhalinin tibbi ehtiyaclarının qarşılanması üçün ölkə başçısının tapşırığı ilə tədbirlər həyata keçirilir, bu məsələnin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı işlər görülür. Teymur Musayev qeyd edib ki, bu məqsədlə Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən Müvəqqəti İdarəetmə Mərkəzi tərəfindən Xankəndi şəhərində artıq müvafiq tibbi xidmətlərin təşkilinə başlanılıb: "Azərbaycan Respublikasının səhiyyə qurumlarının məsul şəxslərinin iştirakı ilə ixtisaslaşdırılmış tibbi heyət, o cümlədən müxtəlif tibb mütəxəssisləri, ambulans avtomobilləri və təcili tibbi yardım briqadası Xankəndiyə ezam olunub".
Nazir həmçinin bildirib ki, Xankəndidə yerli əhalinin cari tibbi ehtiyacları və sanitar-epidemioloji vəziyyət qiymətləndiriləndən sonra müvafiq işlərin həyata keçirilməsi nəzərdə tutulur.
ÜST-nin Avropa üzrə regional direktoru Hans Henri Klüge səmimi qəbula görə səhiyyə nazirinə öz təşəkkürünü bildirib, təmsil etdiyi təşkilatın ölkəmizlə 30 ildən artıq uğurlu əməkdaşlığını vurğulayıb.
Azərbaycan Respublikasının Prezidenti ilə görüşdüyünü xatırladan regional direktor görüşdə Prezident İlham Əliyevin COVID-19-a qarşı mübarizədə ÜST-nin ölkəmizə göstərdiyi dəstəyi yüksək qiymətləndirdiyini, Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi 80-dən artıq ölkəyə yardım etməsi, Qoşulmama Hərəkatı çərçivəsində COVID-19-a qarşı mübarizə üzrə məlumat bazası sisteminin yaradılması və vaksin həmrəyliyi ilə bağlı səylər ətrafında fikir mübadiləsinin aparıldığını vurğulayıb.
O, təmsil etdiyi təşkilatın Qarabağ bölgəsində yaşayan yerli əhaliyə psixoloji reabilitasiya ilə bağlı yardımların və digər zəruri tibbi xidmətlərin göstərilməsinə hazır olduğunu bildirib.
Sonda qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova