Azərbaycan ÜST Regional Qiymətləndirmə Qrupuna üzv seçilib
ÜST Avropa Regional Komitəsinin 73-cü sessiyası çərçivəsində ÜST-nin Regional Qiymətləndirmə Qrupuna üzvlər seçilib.
Keçirilən seçki nəticəsində Azərbaycan ÜST-nin Regional Qiymətləndirmə Qrupuna üzv seçilib.
Ölkəmizin Regional Qiymətləndirmə Qrupuna üzv seçilməsi Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatı kimi nüfuzlu bir qurumla sıx və səmərəli əməkdaşlığının uğurlu nəticəsidir. Regional Qiymətləndirmə Qrupunda üzvlük Azərbaycanın bu təşkilatda qərarverici mövqeyini daha da möhkəmləndirir və gələcək fəaliyyət imkanlarını genişləndirir.
Regional Qiymətləndirmə Qrupu ÜST-nin fəaliyyətinin qiymətləndirməsi ilə bağlı töhfələrini verir. Qrup qiymətləndirmə fəaliyyətinin yaxşılaşdırılması, nəticələrə görə məsuliyyətin artırılması və təşkilatın araşdırma işinin təşviqi sahəsində ÜST-də mühüm rol oynayır. Belə ki, bu qrup qiymətləndirmə resurslarının istifadəsi zamanı əldə edilən nəticələrə görə hesabatlılığı təmin etmək və təcrübələrin öyrənilməsini asanlaşdırmaq məqsədini də daşıyır. Bundan əlavə, Regional Qiymətləndirmə Qrupunun fəaliyyəti qərarların qəbuluna da təsir göstərir.
Qeyd edək ki, ÜST-nin Avropa Regional Komitəsinə regional direktor vəzifəsinə namizədlərin qiymətləndirilməsi, meyarların müəyyən edilməsi və qısa siyahıya salınması da bu Qrup tərəfindən həyata keçirilir.