Bakıda qida standartlarının təkmilləşdirilməsinə dair beynəlxalq tədbir keçirilib
Bakıda “Avropa və Mərkəzi Asiyada Qida standartlarının təkmilləşdirilməsi və Kodeks Alimentariusun fəaliyyətində iştirakın genişləndirilməsi” mövzusunda ikigünlük beynəlxalq konfrans baş tutub.
AZƏRTAC xəbər verir ki, 15-ə yaxın ölkəni təmsil edən nümayəndələrin iştirakı ilə keçirilən tədbirə Azərbaycan Respublikasının müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbər şəxsləri, həmçinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Ümumdünya Ticarət Təşkilatı, UNICEF, Avropa Komissiyası, Dünya Bankı və digər nüfuzlu qurumların ümumilikdə 60-dan çox nümayəndəsi qatılıb. Tədbirdə qida təhlükəsizliyi standartları, regionda Kodeksdən istifadə və Kodeksdə iştirakla bağlı irəliləyişlər və problemlər müzakirə edilib, “Vahid Sağlamlıq” konsepsiyası çərçivəsində qida təhlükəsizliyinin müvafiq aspektləri nəzərdən keçirilib.
Tədbirin açılışında çıxış edən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli bildirib ki, ölkədə qida təhlükəsizliyinə nəzarət sisteminin təkmilləşdirilməsi, bu sahədə dövlət tənzimlənməsi və nəzarətin həyata keçirilməsi məqsədilə yaradılan agentlik Milli Kodeks Sisteminin formalaşdırılması üçün FAO-nun Avropa və Mərkəzi Asiya üzrə regional ofisi ilə fəal və səmərəli əməkdaşlıq edir. Agentlik sədri mötəbər tədbirin AQTA-nın 5, Kodeks Alimentariusun 60 illik yubileyinə təsadüf etməsini əlamətdar hadisə adlandırıb, vurğulayıb ki, Avropa və Mərkəzi Asiya regionunun Kodeks və qida təhlükəsizliyi sahəsində fəal tərəfdaşları bu əlamətdar ili qeyd etmək məqsədilə ikigünlük yüksək səviyyəli konfransı birlikdə keçirirlər. Q.Təhməzli AQTA-nın fəaliyyəti dövründə ölkəmizdə qida təhlükəsizliyi sahəsində aparılan islahatlardan, vahid səlahiyyətli qurum idarəetməsinə keçiddən, “tarladan süfrəyədək” prinsipi əsasında qida zəncirinin bütün mərhələlərində risk əsaslı nəzarətin həyata keçirilməsindən, qabaqcıl beynəlxalq təcrübəyə və tələblərə uyğun qida təhlükəsizliyi sisteminin qurulması üçün təsdiqlənmiş və uğurla icra olunan “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin olunmasına dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”ndan danışıb. AQTA sədri qeyd edib ki, agentlik tərəfindən aparılan işlər qida təhlükəsizliyinin təmin olunması ilə yanaşı, ölkənin ixrac potensialına da töhfə verir. Belə ki, həyata keçirilən tədbirlər sayəsində Avropa İttifaqına yun, dəri və akvakulturada yetişdirilən kürü məhsullarının ixracına icazələr alınıb. Q.Təhməzlinin sözlərinə görə, Kodeks Alimentarius Komissiyası ilə əməkdaşlıq ölkəmizin qida təhlükəsizliyi ilə bağlı qanunvericiliyini ən qabaqcıl beynəlxalq təcrübələrə uyğunlaşdırmağa kömək edir, həm daxili istehlak, həm də ixrac üçün olan qida məhsullarının təhlükəsizliyinin təmin olunmasına şərait yaradır. Bu əməkdaşlıq “Made in Azerbaijan” brendi altında dünya bazarlarına çıxarılan qida məhsullarının keyfiyyətinə inamı möhkəmləndirəcək.
Agentliyinin sədri deyib ki, hazırda qida və yem məhsullarının təhlükəsizliyi sahəsində qanunvericiliyin Kodeks Alimentarius Komissiyası və digər təşkilatlar tərəfindən qəbul olunmuş beynəlxalq standartlara, norma və qaydalara uyğunlaşdırılması və yeni normaların hazırlanması işləri davam etdirilir.
Onun sözlərinə görə, son dövrlərdə dünyada, o cümlədən Azərbaycanda antimikrob rezistentliyi xüsusi narahatlıq yaradan aktual problemdir: "Antibiotiklərə davamlı patogenlərin yaranması və yayılması antimikrob müqavimətə gətirib çıxarır. Bunun yaranmasına əsas səbəb kimi isə antibiotiklərin, baytarlıq preparatlarının həddən artıq, kortəbii şəkildə istifadəsi, çirkab və suvarma suları vasitəsilə antibiotiklərin və antibiotikə davamlı bakteriyaların ətraf mühitə buraxılması nəticəsində təmiz içməli suya əlçatanlığın olmamasını göstərmək olar. Bu səbəbdən də insan, heyvan və ətraf mühitin sağlamlığının bir-birindən asılı olduğu qəbul edilməli, bu sahələrdəki problemlər ayrı-ayrılıqda deyil, birgə yanaşma ortaya qoyulmaqla həll olunmalıdır".
Müasir dünyada qida təhlükəsizliyinin təmin edilməsində “Vahid Sağlamlıq” konsepsiyası yanaşmasının aktual məsələyə çevrildiyini vurğulayan Qoşqar Təhməzli həmçinin məktəblərdə və məktəbəqədər təhsil müəssisələrində xüsusi qida təhlükəsizliyi sisteminin tətbiqinə başlanılmasından, həmin müəssisələrdə keyfiyyətə nəzarət menecerlərinə xüsusi təlimlər keçiriləcəyindən, qida məhsullarının daşınması və çatdırılması zamanı standartlara uyğunlaşdırılmanın vacibliyindən danışıb.
Tədbirdə çıxış edən Azərbaycanın səhiyyə naziri Teymur Musayev əhalinin sağlamlığının və ölkə səhiyyəsinin mümkün təhdidlərdən qorunmasında qida təhlükəsizliyinin mühüm rol oynadığını vurğulayıb. Qeyd edib ki, qidaların keyfiyyətli və təhlükəsiz olması qida ilə əlaqəli xəstəlik hallarının yayılmasının qarşısını alır: “Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” Sərəncamına əsasən, vətəndaşların sağlam həyat tərzinin təmin edilməsi əsas məqsədlərdəndir. Həmçinin Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasında uşaqların sağlam həyat tərzi və sağlam qidalanmanın təşviqi yuxarıda qeyd olunan məqsədə çatmaq üçün əsas fəaliyyət istiqamətlərindən biri kimi müəyyən edilib”.
Səhiyyə naziri bildirib ki, sağlamlığın qorunmasına qida təhlükəsizliyinin təsiri baxımından, həssas əhali qrupları arasında qida təhlükəsizliyi barədə məlumatlılıq səviyyəsinin artırılması üçün maarifləndirmə və təşviqat tədbirlərinin keçirilməsi zəruridir: “Bu baxımdan Səhiyyə Nazirliyi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi arasında fəal əməkdaşlıq aparılır. Xüsusilə də məktəblilər arasında düzgün qidalanmanın təşviqinə dair tədbirlər həyata keçirilir”.
Teymur Musayev sağlam və təhlükəsiz qidalar istehsal edən bizneslər üçün qanunvericilikdə dəstəkləyici mühitin formalaşdırılmasının önəmini vurğulayıb, bu sahədə innovativ texnologiyaların tətbiqinin, stimullaşdırıcı mexanizmin yaradılmasının, müxtəlif tədqiqatların müəssisələrin fəaliyyəti üçün əlavə imkanlar yaratdığını qeyd edib.
Səhiyyə naziri AQTA-nın tabeliyində yaradılmış Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun fəaliyyətinə də toxunub, onun maddi-texniki bazasına, kadr və elmi potensialına görə nəinki regionda, hətta beynəlxalq miqyasda qabaqcıl və etibarlı müəssisə kimi qəbul olunduğunu deyib. İnstitutun tabeliyində qida təhlükəsizliyi, heyvan sağlamlığı, bitki sağlamlığının qorunması üzrə ən son avadanlıqlarla təchiz edilmiş laboratoriyaların gənc kadrların hazırlanmasında mühüm rol oynadığını qeyd edib.
Teymur Musayev bildirib ki, Kodeks Komissiyasının əsas fəaliyyəti istehlakçıların sağlamlığının qorunması, beynəlxalq ərzaq ticarətində ədalətli təcrübələrin təmin edilməsindən ibarətdir. Bu baxımdan tədbirin əhəmiyyətini yüksək qiymətləndirən nazir deyib: “Kodeks qlobal səviyyədə qida keyfiyyətinin idarə olunmasında mühüm təsirə malikdir. Əminəm ki, aparılacaq panel müzakirələr Milli Kodeks Sisteminin yaradılması işinə əməli töhfələr verəcəkdir”.
Daha sonra çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, dünyada qlobal təhlükələr və risklər – su çatışmazlığı, quraqlıq, istiləşmə, səhralaşma, sənayeləşmə, beynəlxalq konfliktlər, pandemiyalar, epidemiyalar dövründə ərzaq və qida təhlükəsizliyi bəşəriyyət üçün prioritet sahələrdir, dövlətin təhlükəsizliyinin təməl şərtlərindəndir. Müasir dünyada beynəlxalq təşkilatların hesabatlarında qeyd edilən ərzaq və qida çatışmazlığı daha diqqətli və həssas yanaşma tələb edir. Nazir bildirib ki, Azərbaycan Respublikası hər zaman olduğu kimi, müasir çağırışlara uyğun beynəlxalq standartlara cavab verən qida təhlükəsizliyi sistemi yaradıb. Ərzaq və qida təhlükəsizliyi sahəsində beynəlxalq təcrübələr nəzərə alınaraq islahatlar aparılır.
FAO-nun Azərbaycandakı nümayəndəsi Muhammad Nasar Hayat vurğulayıb ki, qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən qurumlar istehlakçıları təhlükəsiz qida məhsulları ilə təmin etmək üçün fəal şəkildə çalışır. Qida təhlükəsizliyinin idarə edilməsində davamlı olaraq yeni imkanlar və çağırışlar meydana çıxır və elm əsaslı qida standartları tətbiq edilir.
Kodeks Alimentarius Komissiyası Katibliyində qida standartları üzrə baş katib Hilde Kruse bildirib ki, FAO/ÜST Kodeks Etimad Fondu layihələri ölkələrə Kodeks işində iştirak etmək üçün möhkəm və davamlı milli potensialın yaradılmasına dəstək verir. Azərbaycan hökuməti də daxil olmaqla, regionun bir çox ölkələri bu dəstəkdən faydalanır.
Beynəlxalq tədbirdə ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib ki, təhlükəli qida dünyada milyonlarla insanın sağlamlığına təsir edir. Buna görə qida məhsullarının təhlükəsizliyi ilə bağlı məsələdə güzəşt olmamalıdır. ÜST rəsmisi bildirib ki, innovasiyalara uyğunlaşma təmin edilməli, innovasiya və təhlükəsizlik arasındakı əlaqə düzgün qurulmalı, vahid səhiyyə sağlamlıq konsepsiyası ərsəyə gətirilməlidir: "İşimiz sadəcə qanunvericiliyin qəbulu ilə kifayətlənmir. Qida təhlükəsizliyi sahəsində davamlı və dayanıqlı tədbirlər həyata keçirməliyik".
Tədbirdə AQTA-nın 5 illik fəaliyyətinə həsr olunan “5 dəqiqədə 5 il” adlı videoçarx nümayiş etdirilib.
Daha sonra tədbir “Qida təhlükəsizliyi prioritetləri haqqında regiondakı yeniliklər”, “Təhlükəsiz qida üçün standartların rolu və istifadəsi” və “Qida təhlükəsizliyində “Vahid Sağlamlıq” yanaşmasının gücləndirilməsi” mövzularında sessiyalarla davam edib.
İkigünlük konfransda milli və beynəlxalq səviyyədə insan sağlamlığının qorunması, elm əsaslı qida standartlarının faydaları haqqında məlumatlılığın artırılması, “Vahid Sağlamlıq Konsepsiyası” çərçivəsində qida təhlükəsizliyi, onun bitki və heyvan sağlamlığı ilə qarşılıqlı əlaqəsi kimi məsələlər müzakirə olunub. Eyni zamanda, tədbirdə Kodeksin rolu ilə bağlı ən son yeniliklər, Avropa və Mərkəzi Asiya regionunda qida təhlükəsizliyinin təmin olunması və Kodeks standartlarının tətbiqi sahələrində əldə edilmiş nailiyyətlər üzrə təcrübə mübadiləsi aparılıb.