Fövqəladə Hallar Nazirliyi rentgen müayinələri ilə bağlı əhaliyə müraciət edib
Tibb müəssisələrində rentgen müayinələrinin həyata keçirilməsi üçün zəruri təhlükəsizlik tələbləri təmin edildikdən sonra onlara xüsusi icazə sənədi verilir. Bu sənəd olmadan rentgen müayinələrinin həyata keçirilməsi ciddi qanun pozuntusudur, bununla yanaşı, insan həyatı və sağlamlığı üçün təhlükə mənbəyidir.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nazirlik bir daha əhaliyə müraciət edərək, həyat və sağlamlığa yaratdığı təhlükəni nəzərə alaraq, rentgen müayinələri üçün yalnız xüsusi icazə sənədi olan tibb müəssisələrinə müraciət edilməsini və bu icazə olmadan fəaliyyət göstərən müəssisələr aşkarlandıqda nazirliyin “112” qaynar telefon xəttinə məlumat verilməsini tövsiyə edir.
Rentgen və kompüter tomoqrafiyası müayinələri ilə bağlı xüsusi icazəsi olan müəssisələrin daim yenilənən siyahısı ilə FHN-in rəsmi internet portalında tanış olmaq mümkündür.
Həmçinin tibb müəssisələrinə əldə etdikləri xüsusi icazə sənədinin şüa diaqnostika şöbəsinin girişində asılması tövsiyə olunur.