Səhiyyə Nazirliyi ilə “Pfizer” şirkəti arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Səhiyyə Nazirliyində “Pfizer” şirkətinin Qafqaz, Mərkəzi Asiya və Monqolustan üzrə rəhbəri Dmitri Kozenkovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, nazir Teymur Musayev qeyd edib ki, koronavirus pandemiyasının ən sərt vaxtlarında ölkəmizdə 4 tanınmış vaksin şirkətinin peyvəndləri tətbiq olunub. Bunlardan biri də məhz “Pfizer – BioNTech” şirkətinin istehsal etdiyi peyvənd olub.
Vurğulanıb ki, Ümumdünya Səhiyyə Təşkilatı “Pfizer – BioNTech” vaksinini təcili istifadə üçün təsdiqlənən vasitələr reyestrinə daxil edib. Teymur Musayev Səhiyyə Nazirliyinin ölkə əhalisinin sağlamlığı üçün əhəmiyyətli olan digər vaksinlərin də Azərbaycanda tətbiqi məsələlərinin müzakirəsinə hazır olduğunu bildirib.
Öz növbəsində “Pfizer” şirkətinin Qafqaz, Mərkəzi Asiya və Monqolustan üzrə rəhbəri Dmitri Kozenkov bildirib ki, Azərbaycan COVID-19 pandemiyasının başladığı ilk günlərdən onunla mübarizədə özünəməxsus yol seçən ölkələrdəndir. Belə ki, Azərbaycan hökuməti koronavirus infeksiyasının yayılmasının qarşısını almaq, onun iqtisadiyyata və insanların sosial vəziyyətinə vurduğu zərəri qarşılamaq üçün vaxtında və uğurlu tədbirlər hazırlayaraq həyata keçirib.
Görüşdə “Pfizer” şirkəti ilə Səhiyyə Nazirliyi arasında qarşılıqlı əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb və elmi-tibbi aspektlər müzakirə edilib.