Milli Məclisin növbəti plenar iclasları keçirilib
Milli Məclisin növbədənkənar sessiyasının iyul ayında keçirilən növbəti plenar iclaslarında səhiyyə ilə bağlı məsələlərə baxılıb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirildiyinə görə, Sahibə Qafarovanın sədrliyi ilə keçən ilk iclasda “Tibbi sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat verən Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov layihənin ikinci oxunuşundan sonra komitəyə heç bir irad və təklif daxil olmadığını deyib. Qanun layihəsi üçüncü oxunuşda səsə qoyularaq qəbul edilib.
Sonra ikinci oxunuşda olan 11 qanun layihəsinə baxılıb. Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Dərman vasitələri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) barədə məlumat verib.
Deputatlar Rəşad Mahmudov, Fəzail Ağamalı, Vahid Əhmədov, Hikmət Məmmədov məsələ barədə öz fikirlərini və bəzi qeydlərini açıqlayıblar.
Komitə sədri Əhliman Əmiraslanov, səhiyyə nazirinin müavini Rasim İsmayılov qaldırılan məsələlərə aydınlıq gətiriblər. Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul olunub.
Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclasında Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Dərman vasitələri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini üçüncü oxunuşda təqdim edib. O, layihənin ikinci oxunuşda qəbulundan sonra məsələ ilə əlaqədar heç bir irad və təklifin daxil olmadığını bildirib.
Sənəd ətrafında müzakirələrdə deputat Rəşad Mahmudov bəzi məqamlarla bağlı öz fikir və qeydlərini səsləndirib. Komitə sədri Əhliman Əmiraslanov qaldırılan məsələlərə aydınlıq gətirib.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib. Sonda Milli Məclisin sədri parlamentin növbədənkənar sessiyasını bağlı elan edib.