Prezident İlham Əliyev Şuşada xəstəxananın tikintisi ilə tanış olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 90 çarpayılıq Şuşa Şəhər Xəstəxanasının binasında tikinti işlərinin gedişi ilə tanış olub.
AZƏRTAC-ın bildirdiyinə görə, dövlət başçısına görülən işlər barədə məlumat verilib.
Şuşa Şəhər Xəstəxanasının təməli 2021-ci il noyabrın 7-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub.
Dövlət başçısına məlumat verilib ki, 3,7 hektara yaxın sahədə inşa edilən xəstəxana binasının tikinti işlərinə bu ilin yanvarında başlanılıb. Xəstəxana kompleksi 4-ü dördmərtəbəli, 2-si isə birmərtəbəli olmaqla 6 korpusdan ibarətdir. Binanın zirzəmi hissəsindən stasionar tibbi xidmət üçün və sığınacaq kimi, zərurət yarandıqda hərbi hospital kimi istifadə olunacaq.
Stasionar xidmət sahəsində qəbul, terapiya, pediatriya, cərrahiyyə, doğuş, ginekologiya, yoluxucu xəstəliklər, anesteziologiya-reanimasiya, hemodializ şöbələri fəaliyyət göstərəcək.
Ambulator xidmət sahəsində isə konsultativ poliklinika, uşaq poliklinikası, şüa-diaqnostika, funksional diaqnostika, fizioterapiya və tibbi bərpa şöbələri, həmçinin klinik diaqnostik laboratoriya yaradılacaq.
Xəstəxananın Təcili Tibbi Yardım Stansiyası müasir standartlara cavab verən və böyük vəsait tələb edən tibbi avadanlıqlar – 1,5 TL maqnit-rezonans tomoqrafiya və 32 kəsimli kompüter tomoqrafiya aparatları ilə təchiz olunacaq.
Stansiyada hər növbədə dörd briqada fəaliyyət göstərəcək.
Şuşa Şəhər Xəstəxanasının ərazisində Gigiyena və Epidemiologiya Mərkəzi, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yerli şöbəsi, yoluxucu xəstəliklər və hemodializ korpusları da inşa olunacaq.
Əhalinin sağlamlığı daim dövlətimizin başçısının diqqət mərkəzindədir. O cümlədən, işğaldan azad edilən ərazilərdə də tibb və səhiyyə xidmətlərinin təşkili üçün qısa bir müddətdə genişmiqyaslı işlər həyata keçirilir. Şuşa Şəhər Xəstəxanası burada yaşayacaq əhalinin tibbi təminatı və sağlamlığının qorunması istiqamətində Prezident İlham Əliyevin birbaşa göstərişi və rəhbərliyi ilə icra olunan infrastruktur layihələrindən biridir. Bu həm də onu göstərir ki, azad edilmiş digər ərazilərdə olduğu kimi, Şuşada da səhiyyə ocaqlarının inşası dövlətimiz üçün prioritet məsələlərdəndir.