Milli Məclisdə ÜST nümayəndələri ilə görüş olub
Milli Məclisin Səhiyyə komitəsinin üzvləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Ofisinin Milli Vərəm Proqramının qiymətləndirmə üzrə nümayəndə heyəti ilə görüşüblər.
AZƏRTAC xəbər verir ki, ölkəmizdə vərəmlə mübarizədə əldə olunan nailiyyətlərdən söz açan Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Azərbaycan səhiyyəsində aparılan islahatlardan danışıb, səhiyyənin aktual məsələlərinə Milli Məclisdə həssaslıqla yanaşıldığını diqqətə çatdırıb. O, bu sahədə parlamentdə dinləmələrin daim keçirildiyini, müzakirələrin aparıldığını, qanunvericiliyin təkmilləşdirildiyini qeyd edib.
Səhiyyə komitəsinin üzvləri Soltan Məmmədov, Sədaqət Vəliyeva və Məlahət İbrahimqızı ÜST ilə uğurlu əməkdaşlıqdan söz açıblar, bu səmərəli işbirliyinə görə qonaqlara təşəkkür ediblər. Deputatlar bildiriblər ki, ÜST vərəmlə mübarizədə hər zaman öz dəstəyini nümayiş etdirib.
Sonra görüşdə ÜST Avropa Regional Ofisinin Milli Vərəm Proqramının qiymətləndirmə üzrə nümayəndə heyətinin üzvləri Sayohat Hasanova, Cəvahir Süleymanova, Andrei Mosneaqa, Kristina Selan, Askar Yedilbayev, Oqtay Gözəlov, Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova və ATU-nun Ağciyər xəstəlikləri kafedrasının müdiri Rafiq Bayramov ÜST-nin tövsiyə və tələblərinə ölkəmizdə ciddi əməl olunmasını, səhiyyə sistemində aparılan islahatları, icbari tibbi sığortanın fəaliyyətini yüksək qiymətləndiriblər. Onlar vərəmin diaqnostikası, müalicəsi və profilaktika tədbirləri ilə bağlı fikirlərini bölüşüblər.
Görüşdə səhiyyənin bəzi aktual məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.