Azərbaycanla Litva səhiyyə sahəsində əməkdaşlığı genişləndirir
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində Litva Respublikasının Səhiyyə Nazirliyi yanında Dövlət Tibbi Sığorta Fondunun baş direktoru Gintaras Katsaviçusun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, görüşdə səhiyyə naziri Teymur Musayev ölkələrimiz arasında bir çox sahələrdə, o cümlədən səhiyyə və tibb elmi sahəsində mövcud olan uğurlu əməkdaşlığı diqqətə çatdırıb. Qeyd edib ki, həmrəylik prinsipinə əsaslanan, əhalinin sağlamlığının qorunmasına yönəldilmiş sosial layihə olan icbari tibbi sığorta 2021-ci ildən etibarən Azərbaycanda tam tətbiq olunur.
Teymur Musayev Səhiyyə Nazirliyinin bu prosesə dəstək olduğunu qeyd edib. Diqqətə çatdırıb ki, icbari tibbi sığortanın tətbiqi planı səhiyyə modullarının tədricən fayda paketinə daxil edilməsini nəzərdə tutur. Bildirilib ki, bütün islahatların əsasında səhiyyə sisteminin rəqəmsallaşdırılması dayanıb və icbari tibbi sığortanın tətbiqi bu sistemin bir hissəsidir. Bununla yanaşı, qabaqcıl tibbi texnologiyaların səhiyyə sisteminə gətirilməsi və tibbi xidmətlərə vətəndaşın əlçatanlığının, habelə bu sahədə sosialyönümlülüyün təmin edilməsi önəmli məsələlərdir. Bu istiqamətlərdə ölkədə lazımi addımlar atılır.
Səmimi qarşılanmaya görə minnətdarlığını bildirən Litva Respublikasının Səhiyyə Nazirliyi yanında Dövlət Tibbi Sığorta Fondunun baş direktoru ölkəmizin səhiyyə sistemində aparılan islahatların dəstəkləndiyini vurğulayıb. Gintaras Katsaviçus həmçinin Litvanın sığorta sisteminin tətbiqi ilə bağlı əldə edilən təcrübəni Azərbaycanla bölüşməyə hazır olduqlarını qeyd edib.
Görüşün sonunda tərəflər əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər.