Azərbaycan nümayəndə heyəti Cenevrədə bir sıra ikitərəfli görüşlər keçirib
Cenevrədə Ümumdünya Səhiyyə Assambleyasının 76-cı sessiyası çərçivəsində Azərbaycanın səhiyyə naziri Teymur Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti səhiyyə sektorunda beynəlxalq əməkdaşlığın gücləndirilməsi məqsədilə təşkilatın üzv ölkələrinin səhiyyə nazirləri və tibb sahəsində bəzi aparıcı beynəlxalq şirkətlərin rəhbərləri ilə ikitərəfli görüşlər və digər işgüzar tədbirlər keçirib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirildiyinə görə, Azərbaycan nümayəndə heyəti ilə tibbi və rəqəmsal texnologiyaların inkişafı sahəsində dünyanın aparıcı şirkətlərindən biri olan “Siemens Healthineers”in rəhbərliyi arasında ikitərəfli görüş baş tutub.
Görüş zamanı səhiyyə naziri Teymur Musayev və “Siemens Healthineers” şirkətinin rəhbərliyi ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər. Eyni zamanda, səhiyyə sahəsində mütərrəqi texnologiyaların, süni intellektin və innovativ nailiyyətlərin Azərbaycan təcrübəsində də tətbiqi imkanlarına və bu sahənin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Tibb təhsili üzrə Azərbaycan – Kuba əməkdaşlığı müzakirə edilib
Azərbaycan səhiyyə naziri Teymur Musayevin başçılıq etdiyi nümayəndə heyətinin daha bir görüşü Kubanın ictimai səhiyyə naziri Xose Anxel Portal Mirandanın başçılıq etdiyi nümayəndə heyəti ilə baş tutub.
Görüşdə nazir Teymur Musayev ölkələrimiz arasında digər sahələrdə olduğu kimi, səhiyyə və tibb elmi sahəsində də əməkdaşlığın nümunəvi olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, 2020-ci ildə COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması istiqamətindəki tədbirlər çərçivəsində kubalı mütəxəssislərdən ibarət həkim briqadalarının ölkəmizə gəlməsi buna bariz nümunədir. “Bu addım Azərbaycan və Kuba arasında ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə, davamlılığın təmin edilməsinə xidmət edir”, - deyə nazir vurğulayıb.
Teymur Musayev Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi fəaliyyətini də qeyd edib: “Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində bir sıra qlobal təşəbbüslərlə çıxış edib. Belə ki, Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin təşəbbüsü nəticəsində peyvəndlərə bərabər və universal çıxışın təmin edilməsinə dair qətnamə Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurası tərəfindən qəbul edilib”.
Teymur Musayev ölkələrimizin Səhiyyə nazirlikləri arasında əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.
Öz növbəsində Xose Anxel Portal Miranda Azərbaycan və Kuba arasında bir çox sahələrdə sıx əlaqələrin mövcudluğunu vurğulayıb: “COVID-19 pandemiyası zamanı Kubadan həkim briqadalarının Azərbaycana gəlməsi bu münasibətlərin əyani göstəricisidir. İnanıram ki, əlaqələrimiz bundan sonra da yüksələn xətlə inkişaf edəcək".
Sonda Kubanın ictimai səhiyyə naziri bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsində də əməkdaşlığın genişləndirilməsinin vacibliyini bildirib.
Görüşdə Azərbaycanla Kuba arasında tibb müəssisələri və tibb təhsili üzrə əməkdaşlıq, əczaçılıq sahəsində tədqiqat və inkişaf fəaliyyətlərinə dair qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş müzakirələr aparılıb.
Niderland – Azərbaycan səhiyyə əməkdaşlığı üçün böyük imkanlar var
Niderlandın ictimai səhiyyə, sosial təminat və idman naziri Ernst Keypersin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə ölkələrimiz arasında bir çox sahələrdə ikitərəfli əlaqələrin inkişaf etdiyini qeyd edən Teymur Musayev milli səhiyyə müəssisələri arasında təcrübə mübadiləsi üçün böyük potensialın olduğunu vurğulayıb. Onun sözlərinə görə, yüksək ixtisaslı həkimləri və müasir tibb müəssisələrini özündə birləşdirən Niderland səhiyyə sistemi Avropada nümunəvi model kimi tanınır. Niderland həmçinin əczaçılıq və tibb avadanlıqlarının istehsalı və satışı üzrə dünyanın aparıcı ölkələrindən biridir.
Sonda Teymur Musayev ölkələrimizin səhiyyə nazirlikləri arasında gələcəkdə əməkdaşlığın daha da uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu deyib.
Öz növbəsində Ernst Keypers də nazirliklər arasında qarşılıqlı səmərəli əlaqələrin qurulmasında maraqlı olduğunu bildirib. Niderlandın ictimai səhiyyə, sosial təminat və idman naziri qeyd edib ki, ölkələrimizin səhiyyəsinin səmərəliliyini artırmaq məqsədilə tibb təhsili sahəsində qarşılıqlı fəaliyyət üçün bütün zəruri vasitələr mövcuddur.
Görüşdə səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın genişləndirilməsi, transplantasiya sahəsində akademik təcrübələrin tətbiqi, birgə layihələrin həyata keçirilməsi və maraq doğuran digər məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.
Dərman preparatlarının ölkəmizdə istehsalı məsələləri müzakirə olunub
Azərbaycanın nümayəndə heyəti tibbi avadanlıqların istehsalı üzrə dünya lideri olan “Royal Philips” şirkətinin vitse-prezidenti Jan-Villem Şeiqrondla da görüş keçirib. Görüş zamanı şirkətin istehsal etdiyi yüksək texnoloji avadanlıqların Azərbaycan səhiyyəsində tətbiqi, ölkəmizin tibbi tədqiqatlar zamanı şirkətin nou-hau nailiyyətlərini tətbiq etməsi geniş müzakirə predmeti olub.
Azərbaycanın nümayəndə heyəti həyat xilasedici dərmanlara çıxış imkanlarının genişləndirilməsinə və onların inkişafının təşviqinə həsr olunmuş fəaliyyətinə görə BMT-nin dəstəklədiyi ictimai səhiyyə təşkilatı olan “Medicines Patent Pool”un icraçı direktoru Çarlz Qorla da görüş keçirib. Görüş çərçivəsində əczaçılıq sahəsində yüksəkkeyfiyyətli, insan sağlamlığını qoruyan beynəlxalq patentə və sertifikasiyaya malik daha geniş spektrli dərman preparatlarının ölkəmizdə də gələcəkdə istehsal və istehlakının təşkili məsələləri müzakirə olunub.