Səhiyyə naziri Teymur Musayevin sədrliyi ilə İƏT dövlətlərinin səhiyyə nazirlərinin iclası keçirilib

Səhiyyə naziri Teymur Musayevin sədrliyi ilə İƏT dövlətlərinin səhiyyə nazirlərinin iclası keçirilib

Ümumdünya Səhiyyə Assambleyasının 76-cı sessiyası çərçivəsində Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayevin sədrliyi ilə İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin səhiyyə nazirlərinin 5-ci iclası keçirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iclasın sədri seçilməsi üçün, Baş katibin verdiyi bəyanat üçün təşəkkür bildirən nazir Teymur Musayev İƏT səhiyyə nazirlərinin budəfəki görüşünün Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVID-19-la bağlı fövqəladə vəziyyətin başa çatdığını elan etməsindən sonra ilk iclası olduğunu xatırladıb, Azərbaycanın 1992-ci ildə İƏT-ə üzv seçildiyini və təşkilatın işində fəal iştirak etdiyini deyib. Bildirib ki, Bakıda 2010-cu ildə İƏT-ə üzv ölkələrin səhiyyə nazirlərinin 1-ci görüşü keçirilib: “Bu il ölkəmiz İƏT-də sədrlik mandatından istifadə edərək təşkilatın üzv ölkələrini pandemiyadan sonrakı bərpa reallıqlarını müzakirə etməyə, həmin mövzu ətrafında təcrübə mübadiləsinə və daha sıx əməkdaşlığa dəvət edir”.
Teymur Musayev son 15 il ərzində Azərbaycan milli səhiyyəsinin və tibb elminin potensialının gücləndirilməsi istiqamətində görülən konstruktiv işlər barədə məlumat verib. Diqqətə çatdırıb ki, bu müddətdə müasir tibbi avadanlıqlarla təchiz edilmiş 700-dən çox tibb müəssisəsi tikilib və əsaslı təmir olunub, səhiyyədə peşəkar tibbi kadr potensialının gücləndirilməsi sahəsində mühüm nailiyyətlər əldə edilib. Nazir həmçinin COVID-19 pandemiyasının yaratdığı çətinliklər və əldə olunan təcrübə barədə danışıb, pandemiyanın başlanğıcından qısa müddət ərzində Azərbaycan hökuməti tərəfindən COVID-19-la mübarizədə dövlət orqanlarının fəaliyyətini əlaqələndirmək üçün İşçi Qrup yaradıldığını, ciddi və sərt təcrid tədbirlərinin tətbiq edildiyini, diaqnostik laboratoriyaların sayının əhəmiyyətli dərəcədə artırıldığını, modul tipli xəstəxanaların istifadəyə verildiyini və digər zəruri işlər görüldüyünü söyləyib. Beynəlxalq müstəvidə Azərbaycanın atdığı humanist addımlardan danışan nazir Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə ianəsi edildiyini, koronavirusa qarşı mübarizəni dəstəkləmək üçün Qoşulmama Hərəkatının üzvləri və digər ölkələrə 150 min doza peyvənd göndərildiyini deyib: “Eyni zamanda, başqa ölkələrdən, o cümlədən Çindən, Rusiyadan, Türkiyədən, Avropa İttifaqından humanitar yardımlar alındı. Bu, hamımıza pandemiyanın öhdəsindən gəlməyə kömək edən beynəlxalq həmrəyliyin göstəricisi idi. İndi pandemiyadan sonrakı bərpa haqqında düşünməyin vaxtıdır. Ümumi canlanma ölkələrimizin iqtisadiyyatının bərpası ilə birbaşa bağlıdır. Bu baxımdan, İƏT ölkələrinin əməkdaşlığının genişləndirilməsi olduqca önəmlidir”, - deyə nazir bildirib.
Diqqətə çatdırılıb ki, Azərbaycan hökumətinin müraciəti əsasında ÜST ekspertlər qrupu tərəfindən Beynəlxalq Səhiyyə Qaydalarına dair uğurlu Birgə Xarici Qiymətləndirmə aparılıb. Bu, ölkə səhiyyə sisteminin problemlərinin aşkar edilməsinə və gələcək fövqəladə hallara hazırlığının təkmilləşdirilməsinə kömək edir.
Azərbaycanın səhiyyə naziri çıxışında həmçinin bildirib: “COVID-19-la mübarizə təcrübəsi göstərdi ki, hazırlıq və cavab planları icmaların və özəl sektorun fəal iştirakı ilə dövlət və qeyri-hökumət orqanları arasında əlaqələndirilmiş əməkdaşlığı ehtiva etməlidir. Maliyyə və insan resurslarının səfərbər edilməsi mexanizminin olması da vacibdir. Beynəlxalq məsləhətçilik, ÜST kimi nüfuzlu beynəlxalq tərəflərlə əməkdaşlıq ən yaxşı təcrübələrə və yardıma çıxış əldə etmək üçün çox zəruridir. Xəstəliklərin immunizasiyası və profilaktikası üzrə müntəzəm işlər səhiyyə sahəsində fövqəladə halların vətəndaşlarımızın rifahına mənfi təsirini azaltmağa kömək edir. Eyni zamanda, səhiyyə sistemlərinin gücləndirilməsi, tibbi təhsil təsisatlarının müasir dövrün cağırışlarına əsasən əməkdaşlığı, insan resurslarının davamlı peşəkar inkişafı, səhiyyədə texnoloji innovasiyaların tətbiqi iclasın prioritet məsələlərindəndir”.
Daha sonra İƏT üzv ölkələrinin səhiyyə nazirlərinin çıxışları dinlənilib.
İclasın yekununda “Səhiyyə sahəsində əməkdaşlığa dair 2016-2025-ci illər üçün Yenidən İşlənmiş Fəaliyyət Planı” təsdiqlənib.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova