ÜST Avropa regional direktoru: “ÜST-nin Azərbaycanla əməkdaşlığı çox uğurludur”

ÜST Avropa regional direktoru: “ÜST-nin Azərbaycanla əməkdaşlığı çox uğurludur”

Cenevrədə Ümumdünya Səhiyyə Assambleyasının 76-cı sessiyası çərçivəsində Azərbaycan Respublikası səhiyyə naziri Teymur Musayevin başçılıq etdiyi nümayəndə heyəti ilə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Henri Klüge arasında görüş keçirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, görüşdə səhiyyə naziri Teymur Musayev ölkəmizin ÜST ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayaraq deyib: “Azərbaycan nüfuzlu səhiyyə təşkilatı ilə 1992-ci ildən sıx əməkdaşlıq edir. Ötən müddət ərzində regional və qlobal səviyyələrdə uğurlu layihələr həyata keçirilib”.
Nazir, eyni zamanda, COVID-19 ilə mübarizədə ölkə daxilində görülən işlər, habelə beynəlxalq müstəvidə Azərbaycanın göstərdiyi yardım və irəli sürdüyü təşəbbüsləri qeyd edib.
Sonra Teymur Musayev son günlər Ermənistan mediasında ÜST-nin həmin ölkədəki nümayəndəliyinin rəsmiləri ilə Ermənistan səhiyyə naziri arasında keçirilmiş görüşdə ÜST rəsmisi tərəfindən Azərbaycan Respublikasının suveren əraziləri ilə bağlı həqiqətə uyğun olmayan, qərəzli və mandatdan kənara çıxan fikirlərin yayılmasından narahatlığını qarşı tərəfin diqqətinə çatdırıb.
Hans Henri Klüge məsələyə dair təşkilatın Ermənistandakı nümayəndəliyi ilə əlaqə saxladığını, ÜST-nin Ermənistandakı nümayəndəliyi ilə səhiyyə naziri arasında keçirilən görüşdə Azərbaycana aid heç bir fikir səsləndirilmədiyini, ümumilikdə, ÜST-nin dünyada tibb personalına qarşı hücumları pislədiyini bildirib. O, hadisə ilə bağlı hər hansı bir məlumatın ÜST-nin rəsmi internet səhifəsində yayımlanmadığını vurğulayıb.
Görüşdə Azərbaycan tərəfi ÜST-nin regiondakı ofislərini bölgədə sülh gündəliyinə doğru aparılan səyləri əngəlləyən hər hansı siyasi bəyanatlardan çəkinməyə və bu fəaliyyətlərə Təşkilatın rəhbərliyi tərəfindən nəzarəti gücləndirməyə çağırıb.
Hans Klüge ÜST-nin öz fəaliyyətini siyasiləşdirmədən bitərəf və qərəzsiz şəkildə bundan sonra da davam etdirəcəyinə əminliyini ifadə edib.
Daha sonra Hans Henri Klüge ÜST-nin Azərbaycanla əməkdaşlığının çox uğurlu olduğunu vurğulayıb. Koronavirus infeksiyası mövzusuna toxunan ÜST-nin Avropa üzrə regional direktoru COVID-19 peyvəndlərinin digər ölkələrə göndərilməsi kimi humanist addıma görə Azərbaycan rəhbərliyinə təşəkkürünü ifadə edib. Həmçinin Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycanın fəaliyyətini yüksək qiymətləndirib.
Görüşdə təşkilatla ölkəmiz arasında mövcud sıx əlaqələr və səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova