Tibbi tullantıların idarə edilməsi sahəsində fəaliyyət əlaqələndiriləcək
Tibbi tullantıların effektiv idarəçiliyi və bu sahədə koordinasiyalı fəaliyyətin təmin edilməsi məqsədilə Səhiyyə Nazirliyində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə tədbir keçirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirildiyinə görə, tədbirdə səhiyyə naziri Teymur Musayev Prezident İlham Əliyevin rəhbərliyi altında səhiyyə sisteminin inkişafi ilə bağlı davamlı islahatların və mütərəqqi idarəetmə mexanizmlərinin tətbiq edildiyini vurğulayıb.
“Tibb müəssisələrində yeni kliniki tədqiqat metodlarının aktiv tətbiqi, əhalinin sağlamlığı, ölkədə formalaşan tibbi tullantıların idarə edilməsi və sanitariya-epidemioloji vəziyyətin ətraflı təhlili Səhiyyə Nazirliyinin prioritet məsələlərindəndir”, - deyə Teymur Musayev qeyd edib.
Nazir tibb müəssisələrində personalın tibbi tullantıların idarə edilməsi üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada bilik və bacarıqlarının artırılması üçün birgə təlimlərin təşkilinin zəruriliyini bildirib. O cümlədən işğaldan azad edilən ərazilərdə görüləcək yenidənqurma işlərində tibbi tullantıların keyfiyyətli idarə olunması sisteminin təşkilinin vacibliyini vurğulayıb.
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev ətraf mühitin mühafizəsi və əhalinin sağlamlığı məsələlərinə daim diqqət yetirir. Nazirlik tərəfindən tibbi tullantıların uçotunun aparılmasının təkmilləşdirilməsi istiqamətində zəruri işlər görülür. Son dövrlər tibbi tullantıların çeşidlənməsi sağlam ekoloji mühitin formalaşmasında müsbət tendensiya kimi müşahidə edilir.
Tədbirdə birdəfəlik tibbi alət və ləvazimatlardan geniş istifadə edilməsi, tibbi tullantıların insan sağlamlığı və ətraf mühit üçün təhlükəsiz idarə olunması mövzularında təqdimatlar edilib.
Sonra “Tibbi tullantıların idarə edilməsi sahəsində mövcud problemlərin effektiv həlli üçün koordinasiyalı fəaliyyətin təmin edilməsi barədə” birgə əmr imzalanıb.
Əmrə əsasən, tərkibində əhalinin sağlamlığı, ekoloji və sanitariya vəziyyəti üçün təhlükə yaradan infeksion və digər materiallar olan tibbi tullantıların idarə edilməsi sahəsində mövcud vəziyyətin təhlili və bu sahədə səmərəli idarəetmənin təşkili məqsədilə birgə İşçi Qrup yaradılıb.
Sənəddə ölkədə tibbi tullantıların idarə olunması sahəsində mövcud vəziyyət, qanunvericiliyin təhlili, tibb müəssisələrində tibbi tullantıların idarə olunması, tibbi tullantıların zərərsizləşdirilməsi sahəsində beynəlxalq təcrübənin tətbiqi, ictimaiyyətin maarifləndirilməsi işləri əks olunub.
Eyni zamanda, tibbi tullantıların idarə olunmasının təkmilləşdirilməsinə dair Yol Xəritəsi layihəsinin hazırlanması istiqamətində müvafiq tədbirlərin yekunlaşdırılması nəzərdə tutulub.