“Reproduktiv sağlamlıq haqqında” qanun layihəsində ailə planlaşdırılması əlavə mexanizm kimi təsbit ediləcək
“Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin qəbul olunması Milli Məclisin qarşısında duran mühüm məsələlərdən biridir.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev “Nikahın xitamı ilə bağlı ailə qanunvericiliyinin tətbiqi sahəsində mövcud vəziyyət” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
Şöbə müdiri qeyd edib ki, BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi üzrə Komitəsinin Azərbaycanla bağlı tövsiyələrində də bu məsələ öz əksini tapıb. Məsələn, nikaha xitam verilmənin əsas səbəblərindən biri də sonsuzluqdur. Lakin müasir dövrdə hər bir insanı valideyn edə bilən tibbi üsul tətbiq olunur. “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi də məhz bu tələblər çərçivəsində hazırlanıb.
Bu məsələ ilə bağlı daha ciddi problemlərin mövcud olduğunu söyləyən Adil Vəliyev bildirib ki, bütün bunlar qanun layihəsinin qəbulu ilə problemin hüquqi tənzimlənməsini vacib edir. “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin əsas xüsusiyyəti də bu problemin həllində ailə planlaşdırılmasının əlavə mexanizm kimi təsbit olunmasıdır.