Koronavirusla mübarizə aparan tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadıldı
Nazirlər Kabineti “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Qərar qəbul edib.
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun imzaladığı sənədə əsasən, “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 18 mart tarixli Sərəncamının 2.1-ci bəndinə uyğun olaraq, Nazirlər Kabinetinin adıçəkilən Qərarının 2-ci hissəsində “mayın 1-dək” sözləri “iyulun 1-dək” sözləri ilə əvəz edilib. Beləliklə, bu qrupdan olan tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti həmin tarixədək uzadılıb.
Baş nazirin imzaladığı daha bir sənəd “Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarıdır.
Dövlət başçısıının həmin Sərəncamına istinad olunan Qərara əsasən, COVID-19 infeksiyasına yoluxmuş xəstələrə Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyindəki ambulator tibb məntəqələrində ambulator-poliklinik yardım göstərən tibb işçilərinin də əməkhaqlarına müddətli əlavənin müddəti iyul ayının 1-dək uzadılıb.