Ailə Məcəlləsinə tibbi müayinələrlə bağlı dəyişiklik edildi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Məclisin qəbul etdiyi “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanunu imzalayıb.
Sənəddə Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndinə istinad edilərək, Ailə Məcəlləsində bəzi dəyişikliklər edilib.
O cümlədən, 9.1-ci maddədə “13.3-cü maddəsinə uyğun olaraq, tibbi müayinədən keçdiklərini təsdiq edən arayış əlavə edilməklə” sözləri “11-ci maddəsinin tələbləri nəzərə alınmaqla” sözləri ilə, 11.1-ci maddədə “13.3-cü” sözləri “13-cü” sözləri ilə əvəz edilib.
12.0.3-1-ci maddə aşağıdakı redaksiyada verilib:
“12.0.3-1. bu Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş tibbi müayinədən keçməyən şəxslər;”.
13.3-cü maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilib: “Həmin arayış elektron formada tərtib olunaraq, tibb müəssisəsinin rəhbəri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənir və dərhal elektron informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə elektron informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür.”;
13.4-cü maddənin birinci cümləsi aşağıdakı redaksiyada verilib: “Nikaha daxil olmaq barədə ərizə təqdim edilən zaman nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı elektron informasiya sistemi vasitəsilə əldə etmək mümkün olmadıqda, həmin arayış nikaha daxil olmaq barədə ərizəyə kağız formada əlavə olunur.”.
23.3-cü maddədə “qüvvəyə mindiyi gündən 3 gün müddətində məhkəmə bu qətnamədən çıxarışı müvafiq icra hakimiyyəti orqanına göndərməyə borcludur” sözləri “qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür” sözləri ilə əvəz edilib.
Məcəllədə həmçinin bir sıra hallarda “3 gün müddətində” sözləri “dərhal” sözü ilə əvəz olunub.
Azərbaycan Respublikası Prezidenti həmçinin “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 2 may tarixli 864-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 6 mart tarixli 297 nömrəli, “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1080-IVQD nömrəli Qanununun tətbiqi barədə” 2014-cü il 15 dekabr tarixli 389 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Fərman da imzalayıb.
Sənədlə müəyyən edilir ki, “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 2 may tarixli 864-VIQD nömrəli Qanununda müxtəlif hallarda “orqan (qurum)” dedikdə hansı qurumlar nəzərdə tutulur.
O cümlədən Məcəllənin 13.3-cü maddəsinin ikinci cümləsində (birinci və ikinci hallarda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nəzərdə tutulması müəyyən edilib.