“Bakı Ürək Günləri” 8-ci Beynəlxalq Konqresi keçirilib
Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin (AÜDCC) təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Bakı Ürək Günləri” 8-ci Beynəlxalq Konqresi keçirilib.
AZƏRTAC xəbər verir ki, konqresin açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, onun həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı məktubunu oxuyub.
“Bakı Ürək Günləri” VIII Beynəlxalq Konqresinin iştirakçılarına
Hörmətli Konqres iştirakçıları!
Sizi – Azərbaycan kardioloqlarını, kardiocərrahlarını və müxtəlif ölkələrdən paytaxtımıza gəlmiş alimləri “Bakı Ürək Günləri” VIII Beynəlxalq Konqresinin öz işinə başlaması münasibətilə səmimi-qəlbdən salamlayır, gələcək fəaliyyətinizdə hər birinizə müvəffəqiyyətlər arzulayıram.
Builki Konqresin xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunması rəmzi məna daşıyır. Ulu Öndər ölkəmizdə səhiyyə sisteminin təkmilləşdirilməsi və dünya standartları səviyyəsində qurulması işini daim diqqətdə saxlamışdır.
Azərbaycan səhiyyəsinin ötən dövr ərzində keçdiyi yol təbabətin sürətlə irəliləyən sahələrindən biri kimi kardiologiya elminin mühüm nailiyyətlərinin tətbiqinə, ürək xəstəliklərinin müasir terapevtik və cərrahi üsullarla müalicəsinin təmin olunmasına əlverişli şərait yaratmışdır. Nüfuzlu kardioloji mərkəzlərdə gerçəkləşdirilən ən çətin əməliyyatların hazırda yeni nəsil həkimlərimizin fəaliyyəti sayəsində uğurla keçirilməsi qürur hissi doğurur.
Ənənəvi “Bakı Ürək Günləri” Beynəlxalq Konqresinin kardiologiya və ürək-damar cərrahiyyəsinin inkişafında özünəməxsus rolu vardır. Bu sahə ilə bağlı geniş fikir mübadiləsinin aparılacağı tədbirinizdə dünyanın mötəbər tibb qurumlarını təmsil edən görkəmli kardioloq alim və cərrahların iştirakı Konqresinizin qazandığı yüksək etimadın göstəricisidir. Beynəlxalq təcrübədən qarşılıqlı surətdə lazımınca faydalanmaqla kardiologiyanın aktual məsələlərinin həllinə yönəlmiş birgə səylərinizin səmərəli olacağına inanıram.
Ümidvaram ki, böyük elmi və elmi-praktiki əhəmiyyətə malik bu Konqres azərbaycanlı mütəxəssislərin öz xarici həmkarları ilə əlaqələrini daha da möhkəmləndirəcək, yüksəkixtisaslı kadr hazırlığına, kardiologiyanın, ürək-damar cərrahiyyəsinin və ümumilikdə tibb elminin inkişafına töhfələr verəcəkdir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 may 2023-cü il
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov konfransın Azərbaycan səhiyyəsi və tibb elmi üçün vacibliyini vurğulayıb, ürək-damar xəstəlikləri kimi problemlərin ölkəmizdə aktuallığını, Prezident İlham Əliyevin konqreslə bağlı məktubunun bu sahənin vacibliyinin ən bariz nümunəsi olduğunu qeyd edib. Heydər Əliyevin peşəkar tibbi kadrların yetişdirilməsində rolundan danışan Əhliman Əmiraslanov deyib: “Ulu Öndər ilk dəfə hakimiyyətə gəldiyi gündən tibbi kadr hazırlığına böyük önəm verib. Mən də həmin şanslı gənclərdən olmuşam. Bu gün bir çox xəstəxanaların rəhbərliyində, tibb universitetinin qocaman müəllimləri arasında məhz Heydər Əliyev sayəsində xaricdə təhsil alan həkimlər var".
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev tibb elminin sürətlə inkişaf etdiyi dövrdə beynəlxalq təcrübənin öyrənilməsinin və bu sahədə yeniliklərin müzakirəsinin vacibliyini vurğulayıb.
Səhiyyə nazirinin müavini Rasim İsmayılov Ulu Öndər Heydər Əliyevin keçdiyi böyük, mənalı və şərəfli həyat yoluna nəzər salaraq bildirib ki, Azərbaycan dövlətçiliyinin, ordusunun, mədəniyyətinin, səhiyyə və təhsil sistemlərinin inkişafında Ümummilli Liderin rolu əvəzolunmazdır. Nazir müavini qeyd edib ki, möhkəm bünövrə üzərində formalaşmış Azərbaycan dövləti bu gün sürətli inkişaf dövrünü yaşayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət sayəsində Azərbaycan bölgənin aparıcı dövlətinə çevrilib. Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi kursunun ölkəmizdə sədaqətlə davam etdirilməsi digər sahələr kimi, səhiyyə sistemində də uğurlara yeni vüsət verib. Heydər Əliyevin uzun illərə hesablanmış strategiyasının uğurla tətbiqi nəticəsində səhiyyə sistemini qarşıda daha böyük tərəqqi, nailiyyətlər gözləyir.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru Vüqar Qurbanov konqresin azərbaycanlı həkimlərə dünyanın qabaqcıl mütəxəssisləri ilə kardioloji elmlərdəki ən son nailiyyətləri müzakirə etmək imkanı yaratdığını deyib.
“Bakı Ürək Günləri” Beynəlxalq Konqresinin fəxri qonağı, vaxtilə Klivlend klinikasında Ulu Öndərin həkimi olmuş məşhur kardioloq professor Murat Tuzcu Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb.
AÜDCC-nin sədri professor Kamran Musayev konqresin keçirilməsində əsas məqsədin Azərbaycanda kardiologiyanın və ürək-damar cərrahiyyəsinin inkişafına töhfə vermək, əcnəbi mütəxəssislərlə birgə fikir mübadiləsi aparmaq və tibb elminin bu sahədəki son yenilikləri müzakirə etmək olduğunu deyib.
400-ə yaxın yerli və əcnəbi kardioloq və kardiocərrahın iştirak etdiyi konqres elmi hissə ilə davam edib. Yerli və xarici mütəxəssislər təbabətin müxtəlif problemlərini əhatə edən təqdimatlarla çıxış edib, ürək-damar xəstəlikləri, onların müalicəsindəki ən aktual məsələlər ətrafında müzakirələr aparıblar.
“Bakı Ürək Günləri” 8-ci Beynəlxalq Konqresi çərçivəsində "Türk Dünyasında ürək-damar cərrahiyyəsinin gələcəyi" adlı dəyirmi masa keçirilib. Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstandan olan ürək-damar cərrahiyyəsi üzrə aparıcı mütəxəssislərin iştirak etdiyi toplantıda türk dünyası ölkələri arasında bütün sahələr üzrə inkişaf edən əlaqələrdən söz açılıb, tibb üzrə əlaqələrin, xüsusilə ürək-damar cərrahiyyəsi üzrə təcrübə mübadiləsinin artırılmasının vacibliyi vurğulanıb, gələcək əməkdaşlıq məsələləri müzakirə edilib. Bu məqsədlə Türk dünyası ölkələrinin ürək-damar cərrahlarının birliyinin yaradılması təklif olunub.
Təşkilati işlərin həyata keçirilməsi məqsədilə iştirakçı ölkələrin hər birindən bir təmsilçi olmaqla işçi qrup formalaşdırılıb, Türkiyə təmsilçisi professor Mehmet Ali Özatik işçi qrupun rəhbəri seçilib.
Toplantı iştirakçıları Türk dünyası ürək-damar cərrahlarının birliyinin yaradılmasının ölkələrimiz arasında inkişaf edən əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyindən əminliklərini ifadə ediblər.
2009-cu ildən etibarən hər iki ildən bir keçirilən “Bakı Ürək Günləri” Beynəlxalq Konqresi çərçivəsində gənc ürək-damar cərrahları üçün mitral qapaq təmiri və cərrahi anastomoz kursu, tibb bacıları və perfüzionistlər üçün öyrədici kurslar təşkil edilib.
“Bakı Ürək Günləri” 8-ci Beynəlxalq Konqresi Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən Davamlı Tibbi Təhsil tədbiri kimi tanınaraq akkreditasiyadan keçib və ona 30 kredit balı verilib.