Heydər Əliyev Fondu Ulu Öndərin yubileyinə həsr edilən Beynəlxalq Tibbi Təlim Günləri keçirib
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Astara rayonunda VI Azərbaycan-Alman-Türk Tibb Konqresi və VIII Bakı Beynəlxalq Tibbi Təlim Günləri keçirilib.
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilən tədbirdə dövlət rəsmiləri və tibb sahəsində çalışan mütəxəssislər iştirak ediblər.
Konqres iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Astara rayonunda ucaldılan abidəsini ziyarət edərək, önünə tər çiçəklər düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra əbədiyaşar lider Heydər Əliyevə həsr edilən sənədli film nümayiş olunub.
Əvvəlcə səhiyyə naziri Teymur Musayevin konqres iştirakçılarına ünvanladığı videomüraciəti dinlənilib. Bildirilib ki, müstəqil Azərbaycanın memarı, çağdaş Azərbaycan səhiyyəsinin inkişafında misilsiz xidmətləri olan görkəmli dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ölkəmizin səhiyyə ictimaiyyəti tərəfindən də böyük rəğbətlə qarşılanıb: "2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı ölkəmizin siyasi, sosial-iqtisadi, mədəni həyatının bütün sahələrində Ulu Öndərin xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçirilir. Sevindirici haldır ki, səhiyyə sahəsində belə tədbirlərdən biri də beynəlxalq səviyyəli Azərbaycan-Alman-Türk Tibb Konqresi və Bakı Beynəlxalq Tibbi Təlim Günləridir. Bugünkü tədbir tibb işçiləri arasında təcrübə mübadiləsi, həmkar münasibətlərinin dərinləşməsi, eləcə də Azərbaycanın regionlarının iqtisadi potensialının təşviqi, tarixi-mədəni zənginliyinin tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan-Alman-Türk Tibb Konqresi və Bakı Beynəlxalq Tibbi Təlim Günlərini açıq elan edir, beynəlxalq tədbirin işinə uğurlar arzulayıram".
Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev Ulu Öndər Heydər Əliyevin bölgələrdə səhiyyə sahəsinin inkişafı istiqamətində əvəzsiz işlər gördüyünü xatırladıb.
Öz çıxışlarında TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov və digərləri Ulu Öndər Heydər Əliyevin ölkənin səhiyyə sahəsini əhatə edən köklü islahatlarından danışıb, qeyd ediblər ki, Ümummilli Liderin bu istiqamətdə müstəsna xidmətləri tibb işçiləri tərəfindən böyük minnətdarlıqla anılır.
Tədbirin ilk plenar iclasında Almaniya, Türkiyə və s. ölkələrdən gələn aparıcı mütəxəssislərin tibbin ən aktual problemlərinə həsr edilən 6 məruzəsi dinlənilib, maraqlı müzakirələr təşkil edilib.
Növbəti gün konqres öz işini Astara, Lerik və Masallı rayon mərkəzi xəstəxanalarında treninq və ustad dərsləri ilə davam etdirib. Treninqlər çərçivəsində 12 ixtisas üzrə təlimlər keçirilib. Həmçinin regionda ilk dəfə icra olunan endoskopik əməliyyat plenar iclas zalına birbaşa translyasiya olunub və interaktiv müzakirə edilib.
Tədbirin son iki günü Bakıda keçirilib.