Azərbaycan və İsrail arasında ikili diplom proqramı barədə fikir mübadiləsi aparılıb
Azərbaycan Səhiyyə Nazirliyində İsrail Səhiyyə Nazirliyinin Beynəlxalq əlaqələr baş şöbəsinin meneceri Aşer Şalmonla görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, səhiyyə naziri Teymur Musayev səhiyyə və tibb elmi sahəsində Azərbaycan – İsrail əməkdaşlığının nümunəvi olduğunu vurğulayıb: “Ölkələrimizin səhiyyə üzrə yüksək texnologiya tələb edən sahələrdə – virusologiya, mikrobiologiya və səhiyyənin digər sahələrində əməkdaşlığından və qarşılıqlı fəaliyyətindən məmnunuq”. Nazir hər iki ölkənin Səhiyyə nazirlikləri arasında əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə ümidvar olduğunu söyləyib.
Səmimi qarşılanmaya görə minnətdarlığını bildirən İsrail Səhiyyə Nazirliyinin Beynəlxalq əlaqələr baş şöbəsinin meneceri ölkələrimiz arasında bir çox sahələrdə sıx əlaqələrin mövcudluğunu vurğulayıb. Aşer Şalmon İsrail Səhiyyə Nazirliyinin Azərbaycan Səhiyyə Nazirliyi ilə əməkdaşlığı daha da yüksək səviyyəyə qaldırmaqda maraqlı olduğunu diqqətə çatdırıb.
Görüş zamanı İsrailin əczaçılıq şirkətlərinin Azərbaycanda təmsil olunmasının vacibliyi vurğulanıb. Bundan əlavə, ölkələrimizin Səhiyyə nazirlikləri arasında tibbi heyətin təlimlər keçməsi, tibb kadrlarının hazırlanması prosesinin təkmilləşdirilməsi, ikili diplom proqramının hazırlanması, səhiyyə sistemlərinin rəqəmsallaşdırılması üzrə əməkdaşlıq qurulması, hər iki ölkənin səhiyyə nazirlərinin səfər perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.