Prezident İlham Əliyev BMT-nin İİV üzrə Birgə Proqramının icraçı direktorunu qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT-nin İnsanın İmmunçatışmazlığı Virusu/Qazanılmış İmmun Çatışmazlığı Sindromu üzrə Birgə Proqramının (UNAIDS) icraçı direktoru Vinni Byanyimanı qəbul edib.
AZƏRTAC xəbər verir ki, X Qlobal Bakı Forumunda iştirakından məmnunluğunu bildirən Vinni Byanyima Forumun çox yüksək səviyyədə təşkil olunduğunu deyib, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin yaradılmasını olduqca əhəmiyyətli bir təşəbbüs kimi qiymətləndirib, bu təsisatın dünya səviyyəsində nüfuzunun artdığını vurğulayıb.
Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin ilk fəaliyyətinin dahi Azərbaycan şairi Nizami Gəncəvinin ana yurdu olan qədim Gəncə şəhərindən başladığını qeyd edərək, sonrakı illərdə bu Mərkəzin daha da inkişaf etdiyini və bu il artıq ölkəmizdə X Qlobal Bakı Forumunun keçirildiyini deyib.
Dövlətimizin başçısını Qoşulmama Hərəkatının sədri olaraq uğurlu fəaliyyətinə və Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünün yüksək səviyyədə təşkilinə görə təbrik edən Vinni Byanyima Hərəkatın bugünkü beynəlxalq münasibətlərdə çox vacib rol oynadığını vurğulayıb.
Qonaq Azərbaycanın səhiyyə sahəsində, o cümlədən yoluxucu xəstəliklər və QİÇS-ə qarşı mübarizədə qazandığı uğurları qeyd edərək, bu xüsusda davamlı inkişaf məqsədlərinin həyata keçirilməsində ciddi nailiyyətlərin əldə olunduğunu deyib. O, rəhbərlik etdiyi təşkilatın Afrika qitəsində və digər ölkələrdə həyata keçiriləcək layihələrinə Azərbaycanın dəstəyini xahiş edib.
Müstəqilliyimizin ilk illərində Ermənistanın ölkəmizə qarşı təcavüzü nəticəsində bir milyondan çox azərbaycanlının öz evindən didərgin düşdüyünü, onların çadır şəhərciklərində yaşadığını xatırladan dövlət başçısı, o zaman Azərbaycanın iqtisadi durumunun aşağı səviyyədə olduğunu və ölkəmizin çox ciddi çətinliklərlə üzləşdiyini qeyd edib, həmin dövrdə Azərbaycana beynəlxalq təsisatlar tərəfindən dəstəyin göstərildiyini bildirib. Prezident İlham Əliyev vurğulayıb ki, hazırda Azərbaycan beynəlxalq səviyyədə yardım proqramlarına öz töhfəsini verərək potensial donor ölkəsinə çevrilib. Dövlət başçısı Azərbaycanın BMT-nin aidiyyəti təsisatları ilə yaxından əməkdaşlıq etdiyini və onların fəaliyyətini dəstəklədiyini bildirib.