Azərbaycan – Qana səhiyyə əməkdaşlığının inkişaf imkanları müzakirə edilib
Səhiyyə Nazirliyində Qana Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Oheneba Lesli Akua Akyaa Opoku-Vare ilə görüş keçirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidməti bildirir ki, səhiyyə naziri Teymur Musayev Oheneba Lesli Akua Akyaa Opoku-Vareni Qananın ölkəmizdəki səfiri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.
Teymur Musayev Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi fəaliyyətini qeyd edib: “Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev dəfələrlə vaksin millətçiliyini tənqid edib. Azərbaycan Prezidentinin müraciətindən sonra bu istiqamətdə yaxşı nailiyyətlər əldə olunub. Bundan əlavə, Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində kontakt qrupu ölkələrinin iştirakı ilə gələn ay COVID-19-dan sonrakı dünyaya həsr olunmuş növbəti Sammitə ev sahibliyi edəcək”.
Bir çox sahələrdə ikitərəfli əlaqələrin formalaşdığını qeyd edən nazir milli səhiyyə müəssisələri arasında təcrübə mübadiləsi üçün böyük potensialın olduğunu vurğulayıb. Xanım səfirin səhiyyə sahəsində böyük təcrübəyə malik olduğunu qeyd edən Teymur Musayev ölkələrimiz arasında səhiyyə sahəsində əməkdaşlığın inkişaf edəcəyinə əminliyini bildirib.
Səmimi qarşılanmaya görə minnətdarlığını ifadə edən Oheneba Lesli Akua Akyaa Opoku-Vare Qananın Azərbaycanla münasibətlərin inkişaf etdirilməsinə xüsusi diqqət yetirdiyini söyləyib. Qana Prezidentinin 2019-cu ildə Azərbaycana səfərini məmnunluqla xatırladan səfir ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığını vurğulayıb.
Görüşdə iki dövlət arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın mövcud vəziyyəti və potensial inkişaf imkanları müzakirə olunub.