Səhiyyə Nazirliyi Asiya İnkişaf Bankı ilə əməkdaşlığı genişləndirir
Səhiyyə Nazirliyində Asiya İnkişaf Bankının (AİB) Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri xanım Kəndis Makdeyqan ilə görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən bildirildiyinə görə, görüşdə səhiyyə naziri Teymur Musayev Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında səmərəli əməkdaşlıqdan danışıb, son illər birgə regional işbirliyinin dinamik inkişafını qeyd edib.
Rəqəmsal texnologiyalardan istifadənin səhiyyə sistemində aparılan islahatların əsasını təşkil etdiyini diqqətə çatdıran Teymur Musayev bildirib ki, bu sistemin təkmilləşdirilməsi, xüsusilə də rəqəmsallaşdırılması və insan kapitalının inkişaf etdirilməsi ölkəmiz üçün prioritet məsələdir. Onun sözlərinə görə, Asiya İnkişaf Bankı ilə müxtəlif sahələrdə əməkdaşlıq ölkəmizdə qabaqcıl beynəlxalq təcrübənin tətbiqi baxımından xüsusi əhəmiyyət kəsb edir. Bunu nəzərə alaraq, Səhiyyə Nazirliyi bu sahədə AİB ilə əməkdaşlığı genişləndirməkdə maraqlıdır.
Səmimi qarşılanmaya görə minnətdarlığını bildirən AİB-nin Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri ölkəmizin səhiyyə sistemində aparılan islahatların dəstəkləndiyini vurğulayıb. Kəndis Makdeyqan həmçinin qeyd edib ki, bu il Asiya İnkişaf Bankı tərəfindən Azərbaycanla 2024-2028-ci illər üçün Ölkə Tərəfdaşlığı Strategiyası hazırlanacaq. Onun sözlərinə görə, bu sənəd AİB – Azərbaycan tərəfdaşlığının uzunmüddətli prioritetlərini, o cümlədən səhiyyə sektorunda əməkdaşlığı müəyyən edəcək.
Görüş zamanı Ölkə Tərəfdaşlığı Strategiyasının növbəti dövrü ərzində potensial əməkdaşlıq sahələrinə dair fikir mübadiləsi aparılıb. Tərəflər ölkəmizdə rəqəmsal səhiyyənin inkişafı üzrə əməkdaşlığı da müzakirə ediblər.