Milli Məclis səhiyyə ilə bağlı bəzi qanunlara dəyişikliklər etdi
Milli Məclisin yaz sessiyasının ilk plenar iclasında Milli Məclisin sədri Sahibə Qafarova ötən il parlamentin fəaliyyətinin bütün istiqamətlərində uğurlu nəticələr əldə edildiyini bildirib. Parlamentin sədri görülən işlər, həmçinin Asiya Parlament Assambleyasının (APA) 13-cü plenar sessiyasında və Əlcəzairdə keçirilən İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqı Konfransının 17-ci sessiyasında iştirakı, keçirdiyi görüşlər barədə məlumat verib.
İclasın gündəliyi təsdiqləndikdən sonra cari məsələlər və gündəliyin bəndləri müzakirə olunub.
Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov gündəliyin 8-ci məsələsi - “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə dair məlumat verib. Bildirilib ki, Azərbaycan Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim edilən "Tibbi sığorta haqqında" Qanunda edilməsi nəzərdə tutulan dəyişiklik icbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqinin 2024-cü il yanvarın 1-nə qədər təxirə salınması ilə bağlıdır. Bu Qanunun 15-28.3 və 15-28.4-cü maddələrinə əsasən, sığortaolunan ilkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ambulator-poliklinik, laborator, funksional-diaqnostik tibbi xidmətlərdən istifadə etdikdə və ya icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə etmək məqsədilə yönləndirildiyi tibbi ərazi bölməsindən kənar yerləşən dövlət tibb müəssisəsinə müraciət etdikdə müştərək maliyyələşmə məbləği ödəməlidir. Əhalinin tibbi xidmətlərə əlçatanlığı, icbari tibbi sığorta üzrə işlərin görülməsi və sistemin formalaşdırılması məqsədilə layihədə Qanunun qeyd olunan müvafiq maddələrinin tətbiqinin 2024-cü il 1 yanvar tarixinə kimi təxirə salınması nəzərdə tutulub.
Deputatlar Ceyhun Məmmədov və Elşad Mirbəşiroğlu məsələ ilə bağlı fikirlərini səsləndirdikdən sonra qanun layihəsi səsə qoyulub. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələbinə əsasən, bu qanun layihəsi bir oxunuşda baxılaraq qəbul edilib.
Milli Məclisin yaz sessiyasının növbəti plenar iclasında əvvəlcə Türkiyədə təbii fəlakət səbəbindən dünyasını dəyişmiş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Milli Məclisin sədri Sahibə Qafarova fevral ayında Misir Ərəb Respublikasına, Cənubi Afrika Respublikasına və Rusiya Federasiyasına rəsmi səfərləri barədə qısa məlumat verib.
Sonra iclasda 97 qanunun, qanunlarla təsdiq edilmiş 1 nizamnamənin və 3 əsasnamənin “Media haqqında” Qanuna uyğunlaşdırılmasını nəzərdə tutan qanun layihələri müzakirə olunub. Dəyişiklik olunan qanunlar arasında “Əhalinin sağlamlığının qorunması haqqında”, “Psixoloji yardım haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında”, “Dərman vasitələri haqqında”, “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” və “Sanitariya-epidemioloji salamatlıq haqqında” qanunlar da var.
Müzakirələrdə digər komitə sədrləri ilə yanaşı, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov da rəhbərlik etdiyi komitənin təqdim olunan sənədlər barədə rəyini diqqətə çatdırıb.
“Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələbinə əsasən, qanun layihələrinə bir oxunuşda baxılıb və ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.