Danimarka Azərbaycanla səhiyyə və tibb elmi sahəsində əməkdaşlığı genişləndirməkdə maraqlıdır
Səhiyyə Nazirliyində Danimarka Krallığının Azərbaycan Respublikasındakı qeyri-rezident səfiri Denni Annanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.
Bu barədə Nazirliyin mətbuat xidmətindən bildirilib ki, görüşdə fəxri konsul Arno Qovart və Danimarkanın aparıcı əczaçılıq şirkəti olan “Novo Nordisk” şirkətinin nümayəndələri də iştirak ediblər.
Səhiyyə naziri Teymur Musayev son illər ölkələrimiz arasında bir çox sahələrdə, o cümlədən səhiyyə sahəsində əməkdaşlığın dinamik şəkildə inkişaf etdiyini qeyd edib. “Danimarka səhiyyəyə xüsusi diqqət yetirən ölkələrdən biridir. Ölkələrimizin ali tibb mütəxəssislərinin davamlı peşə təhsili sahəsində müasir metodiki və elmi-praktik təcrübə mübadiləsi üçün bütün imkanlar mövcuddur. Azərbaycan Tibb Universiteti bu sahədə Kopenhagen Universiteti ilə fəal əməkdaşlıq edir”, - deyə nazir bildirib.
Ölkələr arasında əczaçılıq sahəsində əlaqələrin inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu qeyd edən Teymur Musayev deyib: “Əczaçılıq sənayesi hər bir ölkənin iqtisadiyyatı üçün ən mühüm sektorlardan biridir və onun inkişaf səviyyəsi mükəmməl təşkil olunmuş səhiyyə sistemini xarakterizə edir. Danimarkanın güclü əczaçılıq sənayesi dünyanın ən yaxşılarından biri hesab olunur”.
Öz növbəsində Denni Annan Danimarkanın Azərbaycanla münasibətlərin inkişafına xüsusi önəm verdiyini bildirib. Ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin genişləndiyini qeyd edən səfir ölkəsinin Azərbaycanla səhiyyə və tibb elmi sahəsində əməkdaşlığının daha da yüksək səviyyəyə qalxmasında maraqlı olduğunu deyib.
“Novo Nordisk” şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Gülşabə Abbasova ölkəmizdə, o cümlədən Səhiyyə Nazirliyinin tabeliyində olan tibb mərkəzləri ilə birgə layihələrin uğurla həyata keçirildiyini qeyd edib. Diqqətə çatdırılıb ki, 2023-cü ildə 100 illiyini qeyd edəcək “Novo Nordisk” qlobal əczaçılıq şirkəti şəkərli diabetin müalicəsi üçün dərmanların hazırlanması və istehsalı üzrə dünya lideridir.
Konstruktiv və qarşılıqlı anlaşma mühitində keçən görüşdə tərəflər əczaçılıq sahəsində əməkdaşlığın gücləndirilməsinin yeni perspektivlərini müzakirə ediblər.