Səhiyyə Nazirliyinin rəhbərliyi Vətən müharibəsində şəhid olmuş həkimlərimizin məzarlarını ziyarət edib
Azərbaycanın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılan, xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən Zəfər Günü Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi, qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin qanı və canı bahasına qazanılıb. Xalqımız və rəşadətli Ordumuz 44 gündə şanlı tarix yazaraq 30 illik işğala son qoyub, ərazi bütövlüyümüzü bərpa edib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Böyük Qələbə Gününün ikinci ildönümü ərəfəsində səhiyyə naziri Teymur Musayev və nazirliyin kollegiya üzvləri İkinci Fəxri xiyabanda Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər.
Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş həkim və tibb işçilərinin əziz xatirəsi anılıb, məzarları üzərinə tər güllər düzülüb, ruhlarına dualar oxunub.
Qeyd edək ki, 44 günlük Vətən müharibəsində 159 hərbi tibb işçisi müxtəlif dərəcəli bədən xəsarəti alıb. 44 tibb işçisi – 11 həkim, 7 feldşer və 26 tibbi təlimatçı qəhrəmancasına şəhid olub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!