Səhiyyə naziri Türkiyədə azərbaycanlı həkimlərlə görüşüb
Səhiyyə naziri Teymur Musayev Türkiyəyə səfəri çərçivəsində qardaş ölkənin dövlət və özəl sektorunda işləyən, eləcə də təhsilini davam etdirən 25-ə yaxın azərbaycanlı həkimlə görüşüb.
Nazirliyin mətbuat xidməti xəbər verir ki, ölkəmizin İstanbuldakı Baş Konsulluğunun təşkilati dəstəyi ilə keçirilən görüşdə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov da iştirak edib.
Görüşdə çıxışında Vətənimizin dünya elminə çox görkəmli alim və mütəfəkkirlər bəxş etdiyini vurğulayan Teymur Musayev Azərbaycan Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyevi qəbul edərkən xaricdə yaşayan, eyni zamanda, taleyin hökmü ilə dövlətimizdən ayrı düşən həmyerlilərlə bağlı söylədiyi fikirləri xatırladaraq bildirib ki, Vətənimiz daim ləyaqətli övladları ilə fəxr edib. Bu möhtəşəm ənənə bütün dövrlərdə olduğu kimi, bu gün də davam edir. Qürurverici haldır ki, həmyerlilərimiz hansı ölkədə yaşamasından asılı olmayaraq, doğma Vətəni heç vaxt unutmur, hər zaman xalqımıza öz dəstəyini göstərirlər. Belə ki, Türkiyədə çalışan həkimlərimizin bir qismi COVID-19 pandemiyasının ən kəskin vaxtında və Vətən müharibəsi zamanı könüllü olaraq Azərbaycana qayıdaraq, müharibə iştirakçılarının, yaralıların və virusa yoluxanların sağlamlıqlarının bərpası üçün əllərindən gələni əsirgəməyiblər.
Nazir Teymur Musayev xarici ölkələrdə ixtisaslaşan məzunlarımıza Azərbaycan səhiyyə sistemi tərəfindən hər zaman dövlət dəstəyinin davam etdiriləcəyini, o cümlədən Vətəndə xidmət etmək istəyənlərə lazımi şəraitin yaradılacağını deyib.
Öz növbəsində, Türkiyədə çalışan həkimlərimiz onların fəaliyyətinə verilən yüksək qiymətə görə minnətdarlıqlarını ifadə edib, qardaş ölkədə onlar üçün yaradılan şərait haqqında məlumat veriblər.
Nazir həmvətənlərimizin suallarını cavablandırıb.