Qrip və kəskin respirator xəstəliklərə qarşı profilaktik tədbirlərə start verilib
Səhiyyə naziri Teymur Musayev Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) “Qriplə mübarizəyə dair Qlobal Strategiya 2019-2030” sənədinə uyğun olaraq, 2022-2023-cü illərin payız-qış mövsümünün başlaması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əks-epidemik tədbirlərin, həmçinin infeksiya üzərində epidemioloji nəzarətin gücləndirilməsi məqsədilə əmr imzalayıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin bildirdiyinə görə, qrip və digər kəskin respirator virus infeksiyalarının geniş yayıldığı payız-qış mövsümünün başlanması ilə əlaqədar olaraq, sənəddə Səhiyyə Nazirliyinin tabeliyində olan tibb idarə və müəssisələrinin rəhbərlərinə profilaktik və əks-epidemik tədbirlərin, həmçinin infeksiya üzərində epidemioloji monitorinqin gücləndirilməsi ilə bağlı tapşırıqlar, eləcə də digər dövlət tibb müəssisələrinə müvafiq tövsiyələr verilib.
Eyni zamanda, əmrdə profilaktik dezinfeksiya işlərinin gücləndirilməsi, qrip və kəskin respirator virus xəstəliklərinin müalicəsi üçün dərman preparatları ehtiyatının yaradılması kimi əhəmiyyətli göstərişlər də yer alıb. Ölkənin şəhər və rayonlarının gigiyena və epidemiologiya mərkəzlərinin rəhbərlərinə ümumtəhsil və məktəbəqədər uşaq müəssisələrində, habelə tibb müəssisələrində sanitariya-gigiyena norma və qaydalarına, dezinfeksiya rejiminə ciddi riayətin gücləndirilməsi tapşırılıb.