Türkiyə səhiyyə naziri Fahrettin Koca Azərbaycanda işgüzar səfərdə olub
Türkiyə Respublikasının səhiyyə naziri Fahrettin Kocanın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana ikigünlük işgüzar səfəri baş tutub.
Əvvəlcə Türkiyə nümayəndə heyəti Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayevlə birlikdə Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, böyük alim, ictimai-siyasi xadim, səhiyyə təşkilatçısı Əziz Əliyevin və tanınmış elm xadimi Tamerlan Əliyevin məzarları üzərinə də tər çiçəklər düzülüb.
Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə gül dəstələri düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Qonaqlar həmçinin 1918-ci ildə Bakının azad edilməsi uğrunda döyüşlərdə şəhid olan türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsini ziyarət ediblər. Abidənin önünə əklil və gül dəstələri qoyulub.
Sonra Fahrettin Koca “Türk şəhidliyi” abidəsinin “Xatirə kitabına” öz ürək sözlərini yazıb.
Səfər çərçivəsində Türkiyə səhiyyə naziri görüşlər keçirib, Azərbaycan-Türkiyə Səhiyyə Biznes Forumu və Sərgisində iştirak edib.
Qonaqlar Azərbaycan tarixinin və mədəniyyətinin simvolu olan Şuşa şəhərini də ziyarət ediblər. Onların Azərbaycan mədəniyyətinin paytaxtı ilə tanışlığı ölkəmizin tanınmış şəxsiyyətləri Bülbül, Xurşidbanu Natəvan və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinin yerləşdiyi Şuşa şəhər mərkəzi meydanından başlayıb. Onlara şəhər və güllələnmiş heykəllər barədə ətraflı məlumat verilib.
Sonra Türkiyə Səhiyyə Nazirliyinin nümayəndə heyəti Şuşa qalası, Natəvan bulağı, Bülbülün ev-muzeyi, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Cıdır düzü ilə tanış olublar.
Yuxarı Gövhər Ağa məscidini ziyarət edən qonaqlar cümə namazı qılıblar. Vətən şəhidlərinin ruhlarına rəhmət və dualar oxunub.
Türkiyənin səhiyyə naziri Azərbaycanın mədəniyyət paytaxtının gözəlliyinə heyran olduğunu bildirərək, Şuşanın azad edilməsinin tarixi əhəmiyyətini vurğulayıb. Fahrettin Koca uzun illər Ermənistanın işğalı atında olan ərazilərin, o cümlədən Şuşa şəhərinin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən azad edilməsindən böyük sevinc və qürur hissi keçirdiyini qeyd edib.