Parlamentin Səhiyyə komitəsinin payız sessiyasında ilk iclası keçirilib
Milli Məclisin Səhiyyə komitəsinin üzvləri 2022-ci ilin payız sessiyasında ilk iclasa toplaşıblar.
İclası açan komitə sədri Əhliman Əmiraslanov 2022-ci ilin payız sessiyasında deputatlara uğurlar diləyib.
Əhliman Əmiraslanov Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi son təxribatlardan söz açaraq, döyüş toqquşmalarında şəhid olan qəhrəman hərbçilərimizə rəhmət, yaxınlarına səbir diləyib, yaralılarımızın tezliklə sağalmalarını arzulayıb. İclas iştirakçıları Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən, Ermənistanın son təxribatlarının qarşısını alarkən qəhrəmancasına şəhid olan Vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sonra komitə sədri iclasın gündəliyinə 3 məsələnin daxil edildiyini bildirib.
İlk olaraq müzakirəyə Milli Məclisin 2022-ci il yaz və növbədənkənar sessiyaları dövründə Səhiyyə komitəsində görülən işlər barədə hesabat təqdim olunub. Komitə sədri bildirib ki, hesabat müddətində komitənin 13 iclası keçirilib, həmin iclaslarda 14 məsələyə baxılıb. Əhliman Əmiraslanov baxılan məsələlər haqqında fikirlərini söyləyib, qəbul olunan qanunların əhəmiyyətindən danışıb.
Bundan başqa, Səhiyyə komitəsi Əmək və sosial siyasət komitəsi ilə birgə “Ölkədə icbari tibbi sığortanın tətbiqi ilə bağlı görülən işlər, hazırkı vəziyyət və gələcək planlar” mövzusunda Şuşa şəhərində dinləmə keçirib.
Qeyd edilib ki, hesabat dövründə komitəyə daxil olan 150-yə yaxın ərizə və şikayətə baxılıb, müraciətlərdə qaldırılan məsələlərlə bağlı müvafiq tədbirlər görülüb, həmçinin komitənin sədri tərəfindən 53 nəfər vətəndaş qəbul edilib.
Gündəliyin ikinci məsələsi olan Milli Məclisin Səhiyyə komitəsinin 2022-ci ilin payız sessiyası üçün iş planı ilə bağlı Əhliman Əmiraslanov bildirib ki, qarşıdakı sessiyada komitəyə qanunvericilik subyektlərindən daxil olacaq qanun layihələrinin, o cümlədən Büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsi, onlara rəy və təkliflərin hazırlanması nəzərdə tutulub.
Həmçinin “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin müzakirəsi, “Koronavirus (COVID-19) ilə bağlı ölkədəki mövcud vəziyyət və görülən tədbirlər”, “İcbari tibbi sığortanın tətbiqi ilə bağlı normativ-hüquqi aktlara dəyişikliklərin edilməsi”, “Tibbi tullantıların idarə edilməsi”, dərman preparatları mövzularında dinləmələrin keçirilməsi planlaşdırılıb.
Komitə sədri gündəliyin üçüncü məsələsinin Vergi Məcəlləsində, “Sosial sığorta haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Tibbi sığorta haqqında” və “Daşınar əmlakın yüklülüyü haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) olduğunu və komitənin layihənin “Tibbi sığorta haqqında” Qanuna təklif olunan dəyişiklikləri müzakirə edəcəyini bildirib.
Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev layihə ilə bağlı məlumat verib.
Adil Vəliyev sənədin Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında 2021-ci il 3 dekabr tarixli Qanuna uyğun hazırlandığını diqqətə çatdırıb. Bildirib ki, layihədə əsasən iki kateqoriya üzrə - Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslərin (toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq və digər oxşar fəaliyyətlə, məişət avadanlığı təmiri ilə, çəkməçi, dərzi, bərbər fəaliyyəti ilə məşğul olan şəxslər və sair) və Vergi Məcəlləsinin 218.4.1-ci maddəsində nəzərdə tutulan fərdi qaydada (muzdlu işçi cəlb etmədən) avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən fiziki şəxslərin (mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə ölkə ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsilə həyata keçirən şəxslər) icbari tibbi sığorta ilə əhatə olunması nəzərdə tutulub. Sənədin qəbulu ilə bu kateqoriyadan olan fiziki şəxslər minimum əməkhaqqının 4 faizi miqdarında məbləğ ödəməklə icbari tibbi sığortanın xidmətlərindən bəhrələnə biləcəklər.
İclasda Səhiyyə komitəsi sədrinin müavini Rəşad Mahmudov, komitə üzvləri İlham Məmmədov, Sədaqət Vəliyeva, Məlahət İbrahimqızı, Kamilə Əliyeva, Kəmaləddin Qafarov gündəlikdəki məsələlərlə bağlı çıxış ediblər. Deputatlar icbari tibbi sığortanın həyata keçirilməsində vətəndaş məmnunluğunun artırılması, icbari tibbi sığortanın əhatə dairəsinin genişləndirilməsi, dərman bazarının keyfiyyətinin və əlçatanlığının yaxşılaşdırılması, orqanların transplantasiyası kimi səhiyyənin aktual məsələləri ilə bağlı öz fikirlərini bildirib, rəy və təkliflərini səsləndiriblər. Komitə üzvləri şəhid ailələri və qazilərə tibb xidmətlərinin göstərilməsinin, ailə həkimi və digər sahələrin qanunla tənzimlənməsinin və “Əhalinin sağlamlığı haqqında” Qanunun ekspertizasının aktuallığını da dilə gətiriblər.
Milli Məclisin 2022-ci il yaz və növbədənkənar sessiyaları dövründə Səhiyyə komitəsində görülən işlər barədə hesabat qənaətbəxş hesab edilib. Komitənin 2022-ci il payız sessiyası üçün iş planı təsdiqlənib. Gündəlikdəki qanun layihəsi birinci oxunuşda baxılması üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.